Bank

Azərbaycanda ödəniş sistemlərində yeni standarta keçdi

Azərbaycan Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası”nda nəzərdə tutulan “Maliyyə infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiqi” layihəsi çərçivəsində Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sisteminin (AZIPS) adıçəkilən standarta keçidi Mərkəzi Bank tərəfindən uğurla yekunlaşıb.

Bu barədə Banker.az Mərkəzi Bankdan bildirilir.

“Nəticə etibarilə AZIPS iştirakçıları olan təşkilatların informasiya sistemləri arasında məlumat mübadiləsinin ISO20022 standartına uyğun yeni formatlar əsasında aparılması üçün funksional imkan yaradılıb”- deyə AMB bildirir.

ISO20022 NƏDİR?

Qlobal maliyyə sektorunda tətbiq olunan ISO20022 standartı ödəniş sistemi iştirakçıları arasında məlumat mübadiləsi üzrə vahid formatlar müəyyən etməklə, istər ölkədaxili, istərsə də ölkələrarası əməliyyat proseslərinin avtomatlaşdırılması və sistemlərarası inteqrasiya imkanlarını genişləndirir, hesablaşmalarda avtomatik emal əmsalını yüksəldir. ISO20022 standartı, eyni zamanda, ödəniş sənədlərində daha dolğun məlumatların əks etdirilməsi və bununla da geniş hesabatlıq imkanlarını təqdim edir. Hazırda 70-dən çox qabaqcıl ölkə öz ödəniş sistemlərində ISO20022 standartını tətbiq etmiş və bu istiqamətdə fəaliyyəti davam etdirməkdədir.

“Sözügedən layihə çərçivəsində Mərkəzi Bank tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən Milli Ödəniş Sisteminin digər infrastruktur komponenti olan Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) də ISO20022 standartına keçidi reallaşdırılacaq, eyni zamanda Milli Ödəniş Sistemi iştirakçılarının əməliyyat sistemlərinin 2022-ci ilin sonunadək yeni məlumat formatlarına keçidi üzrə işlər aktiv şəkildə davam etdiriləcək”- deyə requlyator bildirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department