Gündəm

“Azovstal”dakı Ukrayna müqaviməti Rusiyanın Donbasın cənubunda planlarını puç edir”

Mariupoldakı Rusiya qüvvələri iki gündür “Azovstal” polad kombinatına qurudan hücumları davam etdirirlər, baxmayaraq ki, Rusiya bəyanatlarında kombinatı sadəcə bloklamaq niyyətində olduğunu bildirir.

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Məlumatda bildirilib ki, Rusiyanın “Azovstal”ın təhlükəsizliyini təmin etmək və Mariupolun ələ keçirilməsini tamamlamaq səylərini yeniləməsi çox güman ki, qarşıdan gələn 9 May Qələbə Günü münasibəti ilə keçiriləcək anım mərasimləri və Rusiya Prezidenti Vladimir Putinin Ukraynada simvolik uğur qazanmaq istəyi ilə əlaqəlidir.

Vurğulanıb ki, bu istiqamətdə səylər Rusiyaya şəxsi heyət, avadanlıq və sursat bahasına başa gəlir.

“Azovstalda Ukrayna müqaviməti davam etdiyi müddətdə Rusiyanın itkiləri artmağa və Donbasın cənubunda onların əməliyyat planlarını puç etməyə davam edəcək”, – deyə Britaniya kəşfiyyatının məlumatında qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)