Birja

Bazarda neft qıtlığı təhlükələri qalır: qiymət bahalaşır

Bazarda tədarük qıtlığı olacağına dair davam edən qorxular səbəbilə neft qiymətləri artmağa davam edir. 

OPEC+ ölkələri iyunda neft hasilatının gündəlik 432 min barel artırılması planının saxlanılması üçün bir gün əvvəl səs verib. Bununla belə, 2021-ci ilin avqust ayından kvotaların sistematik şəkildə artırılmasına baxmayaraq, OPEC+ ölkələri neft hasilatının icazə verilən səviyyəsinə çata bilmir. Mart ayının nəticələrinə görə, onlar hasilatda sutkada 1,45 milyon barel geri qalırlar.

Londonun ICE Futures birjasında bugün saat 9:15-ə Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 111,3 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,4 dollar (0,36%) çoxdur. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında iyun ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 108,6 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,34 dollar (0,31%) çoxdur. 

Avropa ölkələri isə Rusiyadan neft idxalını məhdudlaşdırmağa hazırlaşır. Bu həftənin əvvəlində Avropa Komissiyası qarşıdan gələn sanksiyaların altıncı raundu çərçivəsində Rusiya neftinin Aİ ölkələrinə tədarükünə embarqo qoyulmasını təklif edib.

Bu arada ABŞ hakimiyyəti strateji ehtiyatı artırmaq üçün bazarda neft almağa başlamaq niyyətlərini açıqlayıb. Gözlənildiyi kimi, real tədarüklər daha sonra başlasa da, ABŞ Energetika Nazirliyi bu ilin payızında neft satıcılarının müraciətlərini qəbul etməyə başlayacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)