Gündəm

Vilayət Eyvazov yeni TƏLƏBLƏR QOYDU

Aprelin 19-da Daxili İşlər Nazirliyində mülkiyyət əleyhinə olan və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin, həmçinin xırda talamaların qarşısının alınması və açılması, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi sahəsində fəaliyyətin nəticələrinə həsr olunmuş onlayn formatda Kollegiya iclası keçirilib.

DİN-dən verilən məlumata görə, iclasda çıxış edən nazir Vilayət Eyvazov bir sıra tapşırıqlar verib.

General-polkovnik V.Eyvazov vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən olduğunu xatırladaraq cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.

Həmçinin xidməti fəaliyyətdə müasir texnologiyaların tətbiqinin və idarəetmədə elektronlaşdırmanın genişləndirilməsinin zəruriliyini, hüquqi və fiziki şəxslərə məxsus obyektlərin, mənzillərin mühafizə-siqnalizasiya vasitələri ilə təmin edilməsinin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin peşəkarlıqla yerinə yetirilməsinin vacibliyini nəzərə çatdıraraq bir sıra konkret tapşırıqlar verib.

Nazir, general-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da qanunvericiliklə müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin, əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)