Bank

Bank borcuna görə ölkədən çıxışın yasaqlanması kütləvi hal alıb

Son aylarda Azərbaycanda problemli kreditlərin həcmində müəyyən azalma qeydə alınsa da, onun yaratdığı problemlər getdikcə artmaqdadır. Mərkəzi Bankın açıqladığı məlumata görə, vaxtı keçmiş kreditlərin məbləği ötən il dekabrın 1-nə 1 milyard 688,7 milyon manat təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə 0,6 faiz az deməkdir.

2018-ci ilin əvvəlinə nisbətən vaxtı keçmiş kreditlər 3,8 faiz artıb, 2017-ci il dekabrın 1-nə nisbətən isə 10,7 faiz azalıb. Ötən il noyabrın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 13,4 faiz təşkil edib.

Ötən il ərzində 2015-ci ildə verilmiş kreditlərin əksəriyyətinin qaytarma müddəti bitdiyinə görə banklar kütləvi şəkildə borclu vətəndaşlarla bağlı məhkəmələrə müraciət edirlər. Bunun əsas səbəbi kimi isə iddia müddətinin itirilməməsi istəyi göstərilir. Nəticədə minlərlə şəxsin Azərbaycandan çıxışına qadağa qoyulur. Bu isə vətəndaşların hərəkət azadlığının pozulmasına, əhali arasında sosial narazılığın yaranmasına gətirib çıxarır.

Bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov bildirir ki, Azərbaycan hüquq qanunvericiliyinə əsasən borcunu ödəməyə imkanı olmayan vətəndaşın hərəkətinə, azadlığına hər hansı məhdudiyyət qoyulması yolverilməzdir: “Bu, Azərbaycanın imzaladığı konvensiyalarda da öz əksini tapıb. Bu baxımdan, bank iddia qaldırmış olsa belə, vətəndaşın hərəkətinə məhdudiyyət yalnız onun ödəniş qabiliyyətinin olması məhkəmə yolu ilə isbat edildikdən sonra qoyula bilər. Bu o deməkdir ki, bank borcuna görə vətəndaşın ölkədən çıxışına yalnız məhkəmə qərarı ilə qadağa qoyulmalıdır. Yəni məsələn, məhkəmə qərar çıxarır ki, bankın iddiası təmin edilsin, kredit məbləği vətəndaşdan tutulub banka ödənsin. Və qərarı göndərir məhkəmə icraçılarına. Məhkəmə icraçıları isə təsbit edirlər ki, bu vətəndaşın borcu ödəməyə imkanı var, amma ödəmir, bu halda təsir vasitəsi kimi onun ölkədən çıxışına qadağa qoyulmasına dair məhkəmə qarşısında məsələ qaldırırlar. Məhkəmədə borclunun ödəniş imkanının olduğu sübuta yetiriləndən sonra onun hərəkətinə, ölkədən çıxışına yasaq qoyula bilər. Bu yasaq qərarı Ədliyyə Nazirliyinin saytında yerləşdirilir və istənilən vətəndaş öz barəsində belə bir qərarın olub-olmadığına dair məlumat almaq istəyirsə, şəxsi məlumatlarını daxil etməklə onu əldə edə bilir”.

Hüquqşünas bildirir ki, praktikada qanunvericiliyin tələbləri əksər hallarda bilərəkdən pozulmaqla vətəndaşların ölkədən çıxışına məhdudiyyət tətbiq edilir: “Bunu da edirlər icra məmurları. Onlar hansısa korrupsiya maraqlarından çıxış edərək, barələrində məhkəmə qərarı verilmiş, Azərbaycandan kənara çıxmaq ehtimalı olan şəxsləri müəyyənləşdirib belə bir qadağanı tətbiq etməyə çalışırlar. Dəfələrlə belə vətəndaşların şikayətləri olub ki, məhkəmə icraçıları onlardan çıxışlarına yasaq qoyulmaması üçün müəyyən məbləğ istəyiblər, verməyənlərə ”stop" qoydurublar. Təsəvvür edin ki, minlərlə adam 2-3 uşaqla arvadını boşayır, aliment ödəmir, məhkəmə icraçıları onların çıxışlarına qadağa qoydurmurlar. Amma banklara borclu olanlara qarşı belə qadağa dərhal tətbiq olunur. Çünki icraçıların da burada marağı olur".

Ekspert deyir ki, son vaxtlar bank borcluları ilə bağlı məhkəmə qərarı olmadan da çıxışa qadağa tətbiq olunur:“Qanunvericilik müəyyən hallarda şəxsin barəsində qısamüddətli qadağa qoyula bilər. Hansısa cinayət işi, yaxud adi araşdırma çərçivəsində hüquq-mühafizə orqanlarının tədqimatı ilə, amma yenə məhkəmə qərarı əsasında bir neçə günlük çıxış yasağı qoyula bilər. Amma belə qərarlar qısamüddətli olmalıdır. İndi belə qərarı banklar hüquq-mühafizə orqanlarının vasitəsilə əldə edirlər, amma uzun müddətə. Əvvəllər bu cür qadağalar Beynəlxalq Banka borcu olanlara daha çox tətbiq olunurdu. Son vaxtlar banklar tərəfindən yüzlərlə şəxsə qarşı belə qadağaların qoyulmasına nail olunub. Hətta belə şəxslərdən bir çoxu müvafiq qurumlara rəsmən müraciət etdikdə onlara çıxışlarına qadağa qoyulmadığına dair məlumat verilir. Çünki addım qanunsuz olduğu üçün rəsmi cavabda onu qeyd edə bilməzlər. Amma real olaraq ölkədən çıxmaq istəyən vətəndaşa imkan verilmir. Elə bu gün mənə bir nəfər Almaniya vətəndaşı olan azərbaycanlı müraciət edib. Bayram ərəfəsində Azərbaycana gəlib, yanvarın 4-də qayıtmaq istəyib, deyiblər ki, ”stop"dasan, get Ədliyyə Nazirliyinə müraciət et. Oradan isə bildiriblər ki, hələ Azərbaycan vətəndaşı olduğu dövrdə - 2012-ci ildə kredit alan kiməsə zamin durub, həmin şəxs borcunu ödəmədiyinə görə bunun da çıxışı stoplanıb. Adam indi 4 gündür ki, məhkəmənin həmin qərarını alıb ödənişi edə bilmir - qərar heç yerdə yoxdur. Yaxud “AccessBank” çoxlu sayda iş adamının çıxışına qadağa qoydurub - məhkəmə qərarı olmadan. Yəni belə absurd hallar çoxdur, getdikcə də artır. Bu, problemli kreditlərlə bağlı məsələ həll olunanadək davam edəcək".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)