Bank

Neftin yüksək qiyməti manatın məzənnəsinin sabitliyini təmin edəcək - AİB

Asiya İnkişaf Bankı (AİB) 2022-ci ilin birinci yarısında Azərbaycan Mərkəzi Bankı tərəfindən pul siyasətinin daha da sərtləşdiriləcəyini proqnozlaşdırır.

“2022-ci ilin ortalarına qədər inflyasiya təzyiqinin artması fonunda Azərbaycan Mərkəzi Bankı böyük ehtimalla uçot dərəcəsini saxlayacaq və ya artıracaq. Əgər inflyasiya 2-6% dəhlizində olarsa, o zaman AMB pul siyasətinin yumşaldılmasına gedə bilər”, – çərşənbə günü AİB-in saytında dərc edilmiş Asiya İnkişafına Baxış 2022-də qeyd edilir.

AİB-in hesablamalarına görə, neftin yüksək qiyməti Azərbaycanın milli valyutasının sabitliyini təmin edəcək.

Eyni zamanda, AİB hesab edir ki, Azərbaycan Mərkəzi Bankı notlar buraxmaqla yerli valyutada likvidliyin sterilizasiyası siyasətini davam etdirəcək, həmçinin dövriyyədə olan xarici valyutanın həcminə nəzarət edəcək.

Daha əvvəl xəbər verildiyi kimi, 2021-ci ilin sentyabr ayından Azərbaycan Mərkəzi Bankı pul siyasətinin sərtləşdirilməsi və uçot dərəcəsinin artırılması siyasətini həyata keçirməyə başlayıb.

2021-ci ilin sentyabrından 2022-ci ilin mart ayına qədər Mərkəzi Bank uçot dərəcəsini ardıcıl 5 dəfə artırmaq qərarına gəlib, nəticədə o, 6,25%-dən 7,75%-ə yüksəlib. Eyni zamanda uçot dərəcəsinə həsr olunmuş sonuncu iclasın (18 mart - İF) yekunlarına əsasən, Mərkəzi Bank geosiyasi qeyri-sabitlik fonunda inflyasiyanın proqnozlaşdırılmasında çətinliklərlə üzləşdiyini qeyd edib. 2022-ci ilin fevral ayının sonunda Azərbaycanda orta illik inflyasiya 2021-ci ilin sonundakı 6,7 faizə qarşı 12,2 faiz təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)