Azərbaycan Mərkəzi Bankı Türkiyə Maliyyə Ofisi ilə Anlaşma Memorandumu imzaladı
Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının yanında Maliyyə Ofisi (Türkiyə Maliyyə Ofisi) arasında sıx əməkdaşlıq əlaqələri yaradılmışdır.
Bu barədə Banker.az-a Mərkəzi Bankdan deyilir.
Bu əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətlərin müzakirə edilməsi məqsədi ilə 31 mart 2022-ci il tarixində Mərkəzi Bankın sədri Elman Rüstəmov ilə Türkiyə Maliyyə Ofisinin sədri Göksel Aşan arasında görüş keçirilib. Görüşdə iki qardaş ölkənin maliyyə sektorları arasında mövcud olan intensiv əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilmiş və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
AMB deyir ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik, əldə olunmuş sürətli sosial-iqtisadi inkişaf sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və beynəlxalq əməkdaşlıq üçün cəlbediciliyinin daim artdığını qeyd edən E. Rüstəmov eyni zamanda Azərbaycan və Türkiyə arasında uzunmüddətli sıx əməkdaşlığı vurğulayaraq hər iki ölkənin maliyyə sektoru, o cümlədən mərkəzi bankları, sığorta sektoru və kapital bazarları arasında uğurlu əməkdaşlıq məsələləri barədə ətraflı məlumat verdi.
Aşan isə öz növbəsində son illərdə Azərbaycan Hökuməti tərəfindən dayanıqlı iqtisadi artımın təmin olunmasında özəl sektorun iştirakının genişləndirilməsi ilə ölkənin neft və qaz resurslarından asılılığın azaldılması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm səylərin həyata keçirilməsini qeyd edərək Türkiyənin qardaş Azərbaycanla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdi.
Görüşdə hər iki tərəf vurğuladı ki, bu gün imzalanacaq Memorandum əməkdaşlığın daha dərinləşməsinə yeni əhəmiyyətli töhfə verəcəkdir. Görüşün sonunda Mərkəzi Bank və Türkiyə Maliyyə Ofisi arasında qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Qeyd olundu ki, Memorandumun məqsədi maliyyə texnologiyaları ekosisteminin genişləndirilməsi, açıq bankçılıq yanaşmasının tətbiqi, sığorta sektorunun və kapital bazarlarının rəqəmsal transformasiyası, həmçinin maliyyə bazarlarında innovativ maliyyə texnologiyalarının tətbiqini dəstəkləyən qanunvericilik bazasının formalaşdırılması və kadr potensialının artırılması üzrə əməkdaşlıq çərçivəsinin yaradılmasıdır.
İmzalanmış Memorandum iki qardaş ölkənin bütün sahələrdə olduğu kimi, maliyyə texnologiyaları ekosisteminin formalaşdırılması və bununla maliyyə sektorunda rəqabətli, innovativ və əlçatan rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi istiqamətində də əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcəkdir.