Gündəm

“Sanksiyalar müvəqqəti deyil, onlar ən azı 20-30 il qüvvədə qalacaq”

“Rusiyaya qarşı tətbiq olunan sanksiyalar müvəqqəti deyil. Bu sanksiyalar ən azı 20-30 il qüvvədə qalacaq”.

Bunu Rusiyanın “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Diplomatiya Akademiyasının Aktual Beynəlxalq Problemlər İnstitutunda “Rusiya Avrasiyanın geosiyasi transformasiyası kontekstində” adlı dəyirmi masada çıxışında bildirib.

Mövcud geosiyasi şəraitdə Rusiya, Azərbaycan, Türkiyə, İran və digər ölkələrin siyasi, iqtisadi, elmi, mədəni və dini sahələrdə əməkdaşlıq perspektivlərinə həsr olunan dəyirmi masada çıxış edən rusiyalı ekspert ölkəsinə qarşı tətbiq olunan sanksiyaların müvəqqəti olmadığını vurğulayıb: “Politoloqlarımızın, siyasi elitamızın bir çoxunda belə bir fikir var ki, müəyyən müddətdən sonra sanksiyalar geri götürüləcək. Düşünürəm ki, hazırda tamam başqa bir prosesə start verilib. Ona görə də, Rusiya başqa siyasi konfiqurasiyalar haqqında düşünməlidir. Aydın məsələdir ki, artıq Qərblə, ümumilikdə anqlosaks sivilizasiyası ilə ümumi dil tapa bilməyəcəyik. Ona görə də Rusiya üzünü Şərqə çevirməlidir. Bu, çox çətin, birmənalı olmayan siyasi prosesdir. Bu mənada Rusiya-Türkiyə əməkdaşlığı çox böyük əhəmiyyətə malikdir. Anlaşılandır ki, bizim Asiyada Hindistan və Çin kimi strateji tərəfdaşlarımız var. Lakin buna baxmayaraq, Türkiyə Rusiya üçün daha vacib və xüsusi maraq doğuran tərəfdaşdır. Ona görə ki, Türkiyə NATO ölkəsidir. Şimali Atlantika Alyansında ABŞ-dan sonra ikinci güclü orduya malikdir”.

Rusiyalı hərbi ekspert Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün dünya siyasi arenasında ən parlaq siyasi fiqur olduğunu vurğulayıb: “O, öz xarizması və türk dünyasının gələcəyinə yanaşması ilə bu gün dünyanın ən parlaq siyasətçisinə çevrilib. Ərdoğan güclü siyasi oyunçudur və Rusiya dövlət başçısı Vladimir Putinlə sıx təmasları var”.

“Rusiya-Türkiyə ittifaqının ideoloji və siyasi əsasları mövcuddur”

Korotçenko dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Rusiya-Türkiyə ittifaqının yaranmasının qaçılmaz gerçək olduğunu qeyd edib: “Bu gün biz artıq Rusiya-Türkiyə geosiyasi ittifaqından danışmalıyıq. Bu böyük layihənin ideoloji və siyasi əsasları artıq mövcuddur. Təbii ki, bu layihədə sözsüz ki, Azərbaycan və digər türk dövlətləri də yer alır. Biz, artıq proseslərin getdiyini görürük. Ərdoğanın bu cür geosiyasi vəzifəsi var. Ona görə də, düşünürəm ki, bu proses daha irəliyə getdiyi təqdirdə, Rusiya-Türk dövlətləri geosiyasi ittifaqının yaradılması qaçılmaz olacaq. Bu, ittifaqa daxil olacaq bütün ölkələrin maraqlarına xidmət edəcək”.

“Ankara Rusiya bazarını tərk edən Qərb şirkətlərinin yerini tuta biləcək ən böyük və perspektivli güclərdən biridir”

Rusiyalı ekspert sanksiyalar nəticəsində boş qalan Rusiya bazarında Türkiyə şirkətlərinin Qərb şirkətlərinin yerini tuta biləcəyini vurğulayıb: “Rusiya bu gün Qərbin total təcridi şəraitindədir. Faktiki olaraq Rusiyaya iqtisadi müharibə elan edilib. Türkiyə isə bu məsələdə praqmatik mövqe tutub və bu, onunla izah olunur ki, Ankara Rusiya bazarını tərk edən Qərb şirkətlərinin yerini tuta biləcək ən böyük və perspektivli güclərdən biridir. Bəs o zaman Rusiya Türkiyədən nə istəyir? Ankara postsovet məkanı ilə bağlı ambisiyalarında konstruktiv mövqe tutmalı və Rusiyanın bu məkanda maraqlarını nəzərə almalıdır. Təbii ki, bu çətin məsələdir. Türkiyə bizim üçün bütün müsbət və mənfi tərəfləri ilə anlaşılan tərəfdaşdır”.

“Ərdoğanın növbəti prezident seçkilərində uğuru həm də Rusiyanın milli maraqlarına cavab verir”

Korotçenko Qərbin Türkiyədə də daxili siyasi vəziyyəti gərginləşdirmək niyyətində olduğunu xatırladıb: “Fətullah Gülən ABŞ-ın Türkiyənin kürəyinə sancmaq istədiyi bıçaq olaraq hələ də qalır. Türkiyədə daxili siyasi vəziyyətin de-stabilləşdirilməsi həm də Ankara-Moskva münasibətlərin korlanmasına gətirib çıxaracaq. Ona görə də Ərdoğanın növbəti prezident seçkilərində uğuru həm də Rusiyanın milli maraqlarına cavab verir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)