Ukrayna Prezident Ofisi: "Biz neytral statusa razıyıq"

“Biz neytral statusa razıyıq, amma ciddi təhlükəsizlik zəmanəti tələb edirik”.
ENA.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini İqor Jovkva CNN-ə müsahibəsində deyib.
“Zelenski həmkarı Putinlə birbaşa danışıqlara hazırdır. Lakin danışıqlar zamanı heç bir güzəşt olmayacaq. Martın 10-da Antalyada keçirilən üçtərəfli görüşdə heç bir irəliləyiş olmadı. Müharibənin dayandırılması, atəşkəsin elan edilməsi, rus qoşunlarının Ukraynadan çıxarılması yalnız bir nəfərdən - Putindən asılıdır. Zelenski diplomatik həll yoluna hazır olsa da, bu barədə nə Putindən, nə də onun müşavirlərindən razılıq almamışıq”, - deyə o qeyd edib.
İ.Jovkva bildirib ki, əldə olunmuş razılıqlara əməl edilmir: “Ruslardan eşitdiyimiz son fikir nümayəndə heyətləri çərçivəsində müzakirələrin davam etdirilməsidir. Hərçənd indiyədək əldə olunmuş razılıqlara da əməl olunmur”.