ENA+

Rüfət Aslanlının ölkədən çıxışına niyə qadağa qoyulub?

Ötən ilin son günlərində məlum oldu ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının Azərbaycanın hüdudlarını tərk etməsinə qadağa qoyulub.

"BI" xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov sabiq sədrlə bağlı musavat.com-a maraqlı məlumatlar verib.

O qeyd edib ki, ölkədən çıxışa qadağa qoyulması müxtəlif səbəblərdən mümkündür: “Burada banka, dövlətə borclu olmaqdan tutmuş, hansısa cinayət işində şahid, yaxud cəlb olunan kimi iştiraka qədər çoxsaylı səbəblər ola bilər. Amma indiki halda daha çox ehtimal budur ki, hansısa cinayət işi üzrə R.Aslanlının çıxışı qadağan olunub. Sadəcə, bu qadağa elə də uzun müddət əvvəl qoyulmayıb - heç özünü də məlumatlandırmayıblar. Çünki qanunla belə qadağalar barədə şəxsin özü məlumatlandırılmalıdır. Görünür, R.Aslanlının xəbəri olmayıb ki, təyyarə bileti alaraq ölkəni tərk etməyə çalışıb”.

Hüquqşünas bildirir ki, bu fakt əsasında R.Aslanlı barədə cinayət işinin qaldırıldığını söyləmək mümkün deyil: “Ola bilsin, hansısa araşdırmalar başlanıb. Bu araşdırma vacib deyil ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında işlədiyi dövrlə bağlı olsun. Ondan əvvəl R.Aslanlı on ilə yaxın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri olub. Yəni ehtimallar çoxdur. Bununla bağlı hüquq-mühafizə orqanları məlumat verməlidir. Onlar da bəlkə istintaq sirri olduğu üçün hələlik açıqlama vermirlər. Düşünürəm ki, ən böyük ehtimal R.Aslanlının Palataya rəhbərlik etdiyi dövrlə bağlıdır. Mən özüm ”Bank Standard"ın Kreditorlar Komitəsinin sədri kimi dəfələrlə demişəm ki, ən azı həmin bankın müflisləşmədən əvvəlki altı aylıq fəaliyyətinə görə Palata məsuliyyət daşıyır. Həmin dövrdə banka irihəcmli vəsaitlər ayrılıb, onların taleyindən məlumat verən yoxdur. O dövrdə də Palataya Rüfət Aslanlı rəhbərlik edirdi. Yəni ən azı bir epizodu mən deyirəm. Rüfət Aslanlının rəhbərliyi ilə ondan çox bankın müflisləşməsi prosesi aparılıb, tam sağlam olan “ParaBank” bağlanıb. Bu, bankçılıq tarixində görünməmiş haldır ki, tam sağlam olan bankı müflis elan edəsən".

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)