Neft qiymətləri İran xəbərləri fonunda ucuzlaşır - qiymət
Bugün neft qiymətləri ABŞ və İranın tezliklə İran neftini dünya bazarına qaytaracaq bir razılığa gələ biləcəkləri ilə bağlı artan nikbinliklə aşağı düşüb.
Tehran rəsmisi Əli Baqeri Kani bir gün əvvəl Tvitter hesabında bildirib ki, tərəflər İranın nüvə proqramı ilə bağlı danışıqlarda "hər zamankından daha yaxındır".
Bloomberg-in məlumatına görə, İran Asiyada da neft bazarına qayıtmaq üçün zəmin hazırlayır, dövlətə məxsus National Iranian Oil Co. mümkün tədarükləri müzakirə etmək üçün Cənubi Koreyanın neft emalı zavodları ilə görüş keçirib.
Rystad Energy-nin baş vitse-prezidenti Klaudio Qalimberti deyib:
“ABŞ-İran danışıqlarındakı müsbət hərəkət neft bazarını bir qədər sakitləşdirir. Hələlik razılıq əldə olunmasa da, danışıqlarda irəliləyiş xəbərləri və bunun gözləntiləri ilə qiymətlər aşağı düşür. Dekabr ayına qədər neftin bazara sutkada 900 min barrelə qədər qayıtmasına imkan verəcək”.
Londonun ICE Futures birjasında cümə axşamı saat 9:15-ə Brent markalı neftin aprel fyuçerslərinin dəyəri bir barel üçün 93,65 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 1,16 dollar (1,22%) aşağıdır.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində mart ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 92,39 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 1,27 dollar (1,36%) aşağıdır.