Sosial iqtisadiyyat

Pensiyaların artması ilə bağlı - NAZİRLİKDƏN AÇIQLAMA

Prezident İlham Əliyevin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli Sərəncamı dövlət başçısının pensiyaçılara növbəti qayğısı olmaqla, COVİD-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərinin yumşaldılması məqsədinə xidmət edir.

Yeni Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun indeksləşdirilərək 2022-ci ilin 1 yanvar tarixindən artırılacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək.

Bu barədə Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2021-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz təşkil edib.

Bu artımla bərabər, Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur. Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Bu həftə ərzində pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq.

Beləliklə, artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək. 300 manatadək pensiya alan şəxslərdə bu artım 10%-dək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8%-dək olacaq.

Sərəncamla müəyyən edilən indeksasiya və maddi yardım 2021-ci il üzrə orta inflyasiya dərəcəsini (6,7%) üstələyir ki, bu da pensiyaçılara dövlət dəstəyinin növbəti bariz nümunəsidir.

Pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək.

Qeyd edilən maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub. Bununla bağlı müvafiq qanunvericilik aktları qısa müddətdə ölkə Prezidentinə təqdim olunacaq.

Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalları da 6,7 faiz indeksləşdirilməklə artırılır. Bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir.

Yeni Sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb.

Məlumat üçün bildirək ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və b. ibarətdir. Mövcud qanunvericiliyə əsasən bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığına görə illik indeksasiyalar onların pensiyalarının ümumi məbləğinə şamil olunmur. Yeni Sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)