Azərbaycan beynəlxalq daşıyıcılara “İcazə blankları”nı yeni qayda ilə verəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dekabr ayında beynəlxalq avtomobil daşımaları həyata keçirən 15 şirkət “İcazə blankları”nı almaq üçün yeni qaydaya uyğun olaraq sənədləri tam şəkildə təqdim edib.
ENA.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
"Yeni qaydaya əsasən daşıyıcılar çoxtərəfli illik icazə blankları almaq üçün avtonəqliyyat vasitələrinin mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlərin surətini, ekoloji sertifikatın surətini və avtomobili idarə edəcək sürücülərin əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınmasını təsdiq edən sənədi təqdim etməlidirlər", - nazirlik bildirib.
Məlumata görə, Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik icazələrinin milli avtodaşıyıcılar arasında bölgüsünün yeni mexanizmi müəyyən edilib: "Məqsəd icazə blanklarının bölgüsü prosesində ictimai iştirakçılığın təmin edilməsi, şəffaf və ədalətli bölgü mühitinin yaradılmasıdır. Həmçinin beynəlxalq avtomobil daşımaları bazarına çıxışın tənzimlənməsində Azərbaycanın da qoşulduğu Avropa Nəqliyyat Nazirləri Konfransının Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən beynəlxalq avtomobil daşımaları üzrə Keyfiyyət Xartiyasının tələblərinin icrasına nail olmaqdır. Eyni zamanda daha yüksək ekoloji və təhlükəsizlik standartlarına uyğun olan nəqliyyat vasitələrinin idxalının və daşımalarda istifadəsinin stimullaşdırılması da əsas hədəflərdəndir".
Nazirlik bildirir ki, şirkətlər tərəfindən təqdim edilən sənədlər əsasında bölgü həyata keçirilib: "Növbəti mərhələdə müvafiq sənədləri təqdim edəcək digər daşıyıcıların müraciətlərinə baxılacaq".
Qeyd edək ki, “İcazə blankları” ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. Bu sənəd ölkələr arasında daşımaların həcmindən asılı olaraq, kvota əsasında müəyyən olunaraq paritet qaydada mübadilə edilir".