Azərbaycanlılar avtomobil almağa 835 milyon dollar xərcləyiblər: elektriklə işləyən avtomobillərin idxalı 4,8 % artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 835,4 milyon ABŞ dolları dəyərində 81 min 726 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 45 % və 70,8 % çoxdur.
Son bir ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4,5 % azalaraq 213 ədəd (32,6 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 72,4 % artaraq 76 348 ədəd (704,7 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 11 464-ü (69,7 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 153-sı (3,1 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 2,5 dəfə artması, ikincinin isə 4,8 % artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 56,8 % artaraq 5 024 ədəd (81,2 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,9 % artaraq 141 ədəd (16,8 milyon ABŞ dolları dəyərində) olub.