“Şahdəniz 2”nin şimal cinahında V quyudan hasilata başlanılıb
“Şahdəniz 2” yatağının şimal cinahında beşinci quyudan hasilata başlanılıb.
Bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
Bildirilir ki, bu, 2021-ci ilin 4-cü rübünə planlaşdırılmış mühüm bir əməliyyatdır və layihə çərçivəsində təhlükəsiz və qrafikə uyğun şəkildə əldə edilmiş daha bir uğurdur.
Mövcud “Şahdəniz 1” və “Şahdəniz-2” qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.
2021-ci ilin iyul ayında ilk dəfə olaraq “Şahdəniz Bravo” platformasından gündəlik hasilat “Şahdəniz Alfa” ilə eyni səviyyəyə çatıb. İlin ilk üç rübündə yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib.