Statuslar

“Pensiyaların indeksasiya sistemində meyarlar dəyişdirilsin”

“Gələn ay pensiya məbləğləri 2018-ci ildə orta aylıq əmək haqqındakı faiz artımına indeksasiya olunacaq. Baza hissəsi ləğv olunduğundan tam məbləğin indeksasiyası həyata keçiriləcək”.

Bu barədə iqtisadçı Vüqar Bayramov bildirib ki, 2018-ci ildən başlayaraq pensiya məbləği infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya olunur:

“Bununla belə, pensiyaların indeksasiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Belə ki, pensiya məbləğinin orta aylıq əmək haqqıdakı artıma deyil əhalinin gəlirlərindəki artım faizinə indeksasiya olunması daha məqsədəuyğun olardı. Belə ki, qeyri-rəsmi məşğulluq mövcud olduğundan orta aylıq əmək haqqıdakı artım gəlirlərin artımını tam ifadə edə bilmir. Digər tərəfdən, rəsmi statistikada əhalinin gəlirləri orta aylıq əmək haqqına nisbətən daha yüksək faizlə artıdığından bu indeksasiya zamanı pensiyaların daha çox artmasına imkan verə bilir.

Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında əhalinin gəlirləri 9.2 faiz artsa da, orta aylıq əmək haqqı cəmi 2.8 faiz çoxalıb. Eləcə də 2018-ci ildə orta aylıq əmək haqqının 4 faiz artacağı gözlənilsə də, əhalinin gəlirləri 9 faizdən çox artacaq”.

Ekspertin sözlərinə görə, gələn il orta aylıq əmək haqqı ilə əhalinin gəlirlərindəki artım arasında fərq olacaq:

“Artım uyğun olaraq 5.7 və 9 faiz proqnozlaşdırılır. Etiraf edək ki, 2018-ci ildə pensiyaya əlçatınlığın artırılması ilə bağlı bir sıra islahatlar həyata keçirildi. Aşağı pensiya alan 80 minə yaxın vətəndaşın pensiya məbləğinin gələn ildən orta hesabla 30 faiz artırılması da buna aid edilə bilər. Bu baxımdan, bu islahatların tərkib hissəsi kimi indeksasiya sistemində meyarların dəyişdirilməsi vacibdir. Əmək müqavilələrində maaş məbləğinin tam göstərilməməsi, hətta əmək müqavilələrinin bağlanmaması hallarının az olmadığını nəzərə alsaq, pensiyaların orta aylıq əmək haqqıdakı artıma deyil, əhalinin gəlirindəki artım faizinə indeksasiyası daha doğru olardı. Bu halda indeksasiya nəticəsində pensiya məbləğlərinin daha çox artmasının şahidi ola bilərik”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)