Azərbaycan banklarının doqquz aylıq "performansı": rəsmi göstəricilərin təhlili
30 sentyabr 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 34 milyard 526,5 milyon manat təşkil edir. Nəzərə alsaq ki, 1 yanvar 2021-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat idi, deməli ötən 9 ayda bu göstərici 7,7% artıb.
Mərkəzi Bankın məlumatının analizi göstərir ki, artımda əsas yerlərdən birini kredit portfelinin böyüməsi tutur. Belə ki, sentyabrın sonuna bankların kredit portfeli 15 milyard 538,7 milyon manatdır və ötən doqquz ayda 9,8% yüksəlib.
Bankların öhdəlikləri 8,4% artaraq 29 milyard 655,2 milyon manata çatıb. Bankların Mərkəzi Bank qarşısında öhdəliklərinə gəlincə, sektorun getdikcə özünə gəlməsi nəticəsində tənzimləyiciyə borcları 1% azalaraq 370,8 milyon manat məbləğindədir. Depozit portfelinin həcmində ötən 9 ayda 14,1% artım baş verib və 3-cü rübün sonuna 23 milyard 650 milyon manatdır. Bu portfeldə əhalinin əmanətləri 8 milyard 663,6 milyon manatdır ki, bu da 7,7% artım deməkdir.
Bankların ümumi kapitallaşması isə 3,7% artaraq 4 milyard 871,3 milyon manat təşkil edir.
Mərkəzi Bankın məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında bankların ümumi xalis mənfəəti 505,6 milyon manatdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4% azdır.
Bu dövrdə bankların faiz gəlirləri 8,3% arataraq 1 milyard 545,8 milyon manat olub. Faiz gəlirlərinin 1 milyard 242,4 milyon manatı verilmiş kreditlər üzrə toplanıb. 625,1 milyon manat məbləğində qeydə alınan qeyri-faiz gəlirlərinəd artım 29,1%-dir.
Bankların faiz xərcləri 9,6% artaraq 397,1 milyon manatdır. BUrada depozitlər üzrə ödənilən faiz xərcləri 264,8 milyon manat təşkil edir ki, 14,6% artım deməkdir. Qeyri-faiz xərcləri isə 21% artaraq 1 milyard 20,8 milyon manat təşkil edib.
9 ayın yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 9,8% artaraq 723,8 milyon manat təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 599,4 milyon manat, mənfəət vergisi üzrə ödənişləri isə 93,8 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, bankların büdcəyə ödənişləri 23,3% azalıb.
Xatırladaq ki, hazırda Azərbaycanda 26 bank lisenziya əsasında fəaliyyət göstərir. Onlardan 12-si xarici kapitallı bankdır.
Bank sektorunda ümumilikdə 19 min 488 nəfər çalışır.