"Qeyri-neft ixracından əldə olunan hər 4 dollardan 1-i sənaye zonalarının payına düşür"
Azərbaycan hökuməti 2021-ci ilin nəticələrinə əsasən ÜDM-də 4 %-lik artım əldə olunacağını proqnozlaşdırır.
ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatasının "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021" adlı hesabatının növbəti nəşrinin təqdimatı zamanı bildirib.
“İqtisadiyyat gözlədiyimizdən daha sürətlə bərpa olunur. Biz 2021-ci il üzrə ÜDM-in illik artımının 3,4 % olacağını proqnozlaşdırırdıq, beynəlxalq tərəfdaşlarımız isə ümumiyyətlə 1,7 % artım olacağını güman edirdilər. Hazırda biz artıq 4 %-lik artım proqnozlaşdırırıq”, - nazir bildirib və əlavə edib ki, proqnozları üstələyən təkcə ÜDM-in artım templəri deyil. Belə ki, Azərbaycanın qeyri-neft ixracının artım templəri də iqtisadiyyatın şaxələndirilməsi məqsədinə uyğundur.
M.Cabbarovun sözlərinə görə, qeyri-neft ixracının artımı illik hesablamada 30 %-dən çox təşkil edib. “Bir müddət əvvəl 2 milyard ABŞ dolları həcmində ixrac səviyyəsinə çatacağımızı proqnozlaşdırırdıq, indi isə bu göstəricini ötəcəyimizi bilirik. Bu, qismən xammal ixracının müsbət dinamikası və xammal qiymətləri ilə dəstəklənir. Lakin elə xammal da var ki, təkrar emal oluna bilər, xüsusilə də plastik və kimyəvi məhsulların istehsalında böyük əlavə dəyər potensialı mövcuddur".
Nazir qeyd edib ki, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetləri hökumətin diqqət mərkəzindədir. Bu sənəd cari ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən təsdiq olunub.
“Cari ildə 2 məsələ diqqət mərkəzində olacaq: bunlar dövlət satınalmalarının keyfiyyəti və əlçatanlığı, habelə rəqabət mühitinin stimullaşdırılmasıdır”, - nazir deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarını azad etdikdən sonra yeni dövrə qədəm qoyub. “Bəyan edilmiş məqsədimiz odur ki, Qarabağda və Şərqi Zəngəzurda həyat keyfiyyətini nəinki ölkənin digər hissəsindəki səviyyəyə çatdıraq, həmçinin, “Yaşıl enerji”, “Ağıllı şəhər” və “Ağıllı kənd” kimi konsepsiyalarla müəyyən mənada yeni standartlar müəyyən edək. Bu səbəbdən, fürsətdən istifadə edərək ayrı-ayrı şəxsləri bu planların icrasında iştiraka dəvət etmək istərdim”, - M.Cabbarov deyib.
O, Ağdam sənaye parkının tikintisinə artıq başladığını, yaxın həftələrdə isə daha bir ixtisaslaşmış sənaye zonasının açılacağını elan edilməsini qeyd etdi .
“İqtisadi Zonaların İnkişafı Agentliyi dəstək göstərilməsi və potensial imkanlar haqqında mümkün qədər çox məlumat təqdim edilməsi üçün açılıb. Azərbaycanın sənaye zonaları sahəsində yürütdüyü siyasətin vacibliyini nümayiş etdirmək üçün qeyd edim ki, hazırda ixracdan əldə olunan hər 4 dollardan 1-i xüsusi sənaye zonalarında istehsal edilmiş malların payına düşür. Bu göstəricilər sürətlə artır, artım templəri isə bütün ölkə üzrə qeyri-neft sənayesinin artım tempindən yüksəkdir. Son illərdə qeyri-neft sənayesində artım templəri orta hesabla 15,1 % təşkil edir”, - nazir deyib.