Nazir Təhlükəsizlik Xidmətinə yeni rəis təyin etdi
Şahin Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə rəis təyin edilib.
Nazirlikdən verilən məlumata görə, Şahin Əliyev 1985-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub.
O, 2007-ci ildə bakalavr dərəcəsi üzrə Qafqaz Universitetinin Mühəndislik fakültəsinin kompüter mühəndisliyi ixtisasını, 2009-cu ildə magistr dərəcəsi üzrə Azərbaycan Texniki Universitetinin İnformatika və hesablama texnikası fakültəsinin Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasını bitirib.
2014-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi fakültəsinin Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi əldə edib.
Şahin Əliyev telekommunikasiya sahəsində 14 illik peşəkar təcrübəyə malikdir. Belə ki, o, 2007-ci ildən etibarən İKT sahəsində ölkənin ən qabaqcıl şirkətlərində mühəndis, ekspert mühəndis, şöbə müdiri, departament direktoru və digər rəhbər vəzifələrdə çalışıb. Bundan əlavə, İKT sahəsində və idarəetmədə fərqləndiyinə görə müxtəlif yerli və beynəlxalq sertifikat və diplomlarla təltif olunub.