Beynəlxalq Bank borc öhdəliklərinə görə 700 milyon dollarlıq istiqraz satdı
Azərbaycan Beynəlxalq Bankının borc öhdəlikləri ilə bağlı buraxılan istiqrazların və avrobondların gəlirlilik səviyyəsi müsbətdir. ENA.az xəbər verir ki, 2017-ci ilin sentyabr ayına olan Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması və restrukturizasiya planına uyğun olaraq Azərbaycan Dövlət Neft Fondunun bu bankda yerləşən iki depoziti ABB-nin və Azərbaycan suveren istiqrazları ilə əvəz edilib. Sözügedən istiqrazların alış zamanı nominal dəyərləri müvafiq olaraq 945.2 milyon və 45.3 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan Dövlət Neft Fondunun ENA.az-a verdiyi açıqlamaya görə, 2020-ci ildən başlayaraq ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası, eləcə də ABB-nin borc öhdəliklərinin qlobal maliyyə bazarlarında likvidliyinin artırılması və bu növ istiqrazların bazar qiymətlərinin formalaşdırılması məqsədi ilə Fond tərəf müqabili olan müxtəlif banklara yuxarıda qeyd olunan istiqrazların satışını həyata keçirilməsinə qərar verib.
Beləliklə, Azərbaycan Beynəlxalq Bankı istiqrazının böyük hissəsi (700 milyon ABŞ dolları) 2020-ci və 2021-ci illərdə, Azərbaycan suveren istiqrazı isə tam olaraq 2019-cu ilin aprel ayında, müvafiq dövrlərdə mövcud olan bazar qiymətlərinə satılıb. Bazar qiyməti ilə emissiya qiyməti arasında fərqdən irəli gələn nəticə ilə bağlı Fond qeyd edir ki: "Faiz dərəcələrinin zamanla müşahidə olunan dəyişkənliyi nəticəsində istiqrazın qiymətində də dəyişikliklərin baş verməsi təbii haldır. Ümumi nəticə ilə bağlı vurğulamaq istərdik ki, ABB və Azərbaycan suveren istiqrazlarından, kupon daxilolmaları nəzərə alınmaqla, gözlənilən gəlir əldə edilib və bu nəticə ARDNF-nin ümumi gəlirliliyində öz əksini tapıb. Əlavə olaraq qeyd olunmalıdır ki, 2021-ci ilin iyul ayının sonuna ABB istiqrazının nominal dəyəri 245.2 milyon ABŞ dolları təşkil edir".
Beləliklə, fond istiqrazların və avrobondların satışından əldə olunan gəlirlərin həcmini açıqlamasa da, həmin qiymətli kağızların Fondla əməkdaşlığı olan banklara satıldığını qeyd edib.