Statuslar

Samir Əliyev: "Zaman manatın əleyhinə işləyir"

Bu gün (15 avqust) valyutamız olan manatın dövriyyəyə buraxılmasından 29 il ötür. Gələn il yubiley yaşı olacaq və illəri yola verəcək. Bundan sonra forması (dizaynı, virtuallaşması) dəyişə bilər və dəyişəcək də, ancaq dəyişməyən adı olacaq. Manatın dövriyyə buraxılma dövrünü yaxşı xatırlayıram. İnsanların bu valyutaya inamı yox dərəcəsində idi. Atama zavodda maaşı ilk dəfə milli valyuta ilə vermişdilər. Mən də həmin pulla kəndə nənəmgilə getməli oldum. Avtobusda sürücüyə uzadanda qəbul etmədi, dedi ki, düşə bilərsən. Çox pis olmuşdum. Utandığımdan bilmirdim nə edim. Özümü pulsuz gəlmiş sərnişin kimi hiss edirdim. Qayıdanda bibimdən rubl götürməli oldum.

İnsanlar zədəli pultək manatdan qurtulmağa çalışırdılar və rus rubluna üstünlük verirdilər. Manata inamsızlıq onun ölkədə yeganə ödəniş vasitəsi olması gününə qədər davam etdi. Sonra isə həmin manatı da tapmaqda çətinlik çəkdilər. Çünki iqtisadiyyat dağılmış, zavod-fabriklər bağlanmış, insanlar işsiz qalmışdı.

Daha sonra ölkəyə neft pulları daxil olmağa başladı və manatın fasiləsiz dəyərsizləşməsi sabitləşdi və hətta itirilmiş mövqeyi cüzi də olsa bərpa etməyə başladı. Manata olan inam isə 2014-cü ilə qədər özünün pik həddinə çatdı. Sonrası isə hətta Z nəslinin şahidliyi ilə baş verib. 2006-cı ildə deominasiya, 2015-ci ildə devalvasiya və bu günkü mənzərə.

Bu gün əhalidə manata inam qalır, amma çox kövrəkdir. Hər an inamsızlıqla əvəzlənə bilər. İnsanlar, sahibkarlar, investorlar öz kapitalını qorumaq üçün dünya əmtəə və valyuta bazarlarında baş verənləri həssaslıqla izləməyə məhkumdurlar. Burada vətənpərvərlik dəyərləri işləmir, şüarçılıqdan uzağa getmir. Milli valyutaya inamın qarantı güclü və dayanıqlı iqtisadiyyatdır.

Manatın məzənnəsi 2015-ci ildən sonra tez-tez müzakirə olunan mövzulardandır. Dünya bazarlarında neft qiymətində dəyişiklik baş verən kimi nəzərlər Mərkəzi Bankın yönəlir. Mərkəzi Bank isə bütün inzibati vasitələdən istifadə edərək məzənnəni hələki sabit saxlamağa müvəffəq olur. Bu nə qədər davam edəcək, bunu zaman göstərəcək. Məzənnə barədə çox danışmışıq və mümkün ssenariləri demişik. Bircə şey dəqiqdir ki, manat heç vaxt 78 qəpiyə qədər bahalaşmayacaq, dollar isə ömürlük 1,7 manat səviyyəsində qalmayacaq. Manatın taleyi ilə bağlı qərarı bu gün hökumət verir, sabah isə alternativ enerji verəcək. Artıq zaman manatın əleyhinə işləyir...

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)