Ermənistanın müdafiə naziri yenə Rusiyaya gedib
Ermənistanın müdafiə naziri Arşak Karapetyan avqustun 10-da Rusiyaya səfərə gedib.
ENA.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə həyata keçirilir. Səfər çərçivəsində S.Şoyqu və A.Karapetyan arasında görüş olacaq.
Ermənistan müdafiə nazirinin Rusiyanın başqa yüksək çinli hərbçiləri ilə də görüşü planlaşdırılıb.
Xatırladaq ki, iyulun 27-də Arşak Karapetyan Ermənistan müdafiə nazirinin birinci müavini kimi Moskvaya səfər etmişdi.
Qeyd edək ki, avqustun 9-da Kollektiv təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas İrəvanda Arşak Karapetyanla görüşüb.