Bank

Türkiyənin dövlət bankı Azərbaycanda gəlirini artırdı - HESABAT

Türkiyənin dövlət bankının Azərbaycandakı törəməsi olan “Ziraat Bank Azərbaycan” ASC 2021-ci ilin birinci yarısını “yaşıl qrafalarla” yekunlaşdırıb.

 

Kreditlər akitvlərin 48%-ni təşkil edir

Bankın hesabatına görə, bu ilin yanvar-iyun aylarında aktivləri 17% artıraraq 349 milyon 688 min manata çatıb. Aktivlərin tərkibində ən böyük paya malik olan kredit portfelidir. 30 iyun 2021-ci il tarixinə portfelin həcmi 167 milyon 83 min manat təşkil edir. Yəni bu ilin yanvar-iyun aylarında bankın kredit portfeli 9.5% artıb və ümumilikdə aktivlərdə 48% paya malikdir. Aktivlərdə digər ən böyük vəsait başqa banklardakı müxbir hesablardadır. Bu hesablarda Ziraat Bank Azərbaycan 58 milyon manat vəsait saxlayır və bunun da 52 milyon manatı məhz qeyri-rezident banklardadır. Bank ticarət məqsədilə 45 milyon 265 min manat qiymətli kağızlara malikdir.

 

Banka qoyulan əmanətlərin həcmi artıb

Bankın öhdəlikləri, yəni borcları 21.4% artaraq 273 milyon 43 min manata bərabərdir və əsas böyümə əmanət portfelinin hesabına baş verib. Hesabat dövrünün sonuna bankdakı əmanətlər cəmi 189.248 milyon manatdır və bu bu ilin 6 ayında 24.6% böyümədən xəbər verir. Əhalinin bu bankdakı əmanətlərinin həcmi isə 17.9% yüksələrək 21.431 milyon manat təşkil edib. Fiziki və hüquqi şəxslərin müddətli depozitlərinin həcmi isə 8 milyon manat artaraq 83 milyonu ötüb.

İyulun əvvəlinə bankın kapitalı 3,4% artaraq 76 milyon 644,7 min manat olub, nizamnamə kapitalı isə dəyişilmədən 50 milyon manat təşkil edir. Qeyd edək ki, bu minimal tələbdir.  

 

Mənfəəti 9,8% artıb

Ziraat Bank Azerbaycan bu ilin birinci yarısında 1 milyon 918 min manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% artım deməkdir. Bankın gəlirləri 14 milyon 835 min manat təşkil edib ki, bu da illik müqayisədə 28,8% çoxdur. Xərcləri isə 33,1% artaraq 10 milyon 158 min manata çatıb. Bank xüsusi ehtiyatlara 2 milyon 563 min manat ayırıb və 197 min manat mənfəət vergisi ödəyib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 30 dekabr 2014-cü il tarixdə “Ziraat Bank Azərbaycan ASC”yə bank lisenziyası verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)