ENA+

“Torpaq payı olan insan məşğul sayılır”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdiri Azad Tağızadənin müsahibəsi.

- “Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar” şöbəsinin işi nədən ibarətdir?

- Adətən insanlar şöbənin adındakı “aktuar” sözünü anlamır. Aktuar hesablamalar daha çox ehtimalı olan, heç vaxt konkret fərdə dəqiq proqnoz vermək olmayan məsələlərlə bağlıdır. Məsələn, insan nə qədər yaşayacaq, sağlamlığı necə olacaq, öhdəliklərini necə yerinə yetirə biləcək, sığorta pulunu ödəyirsə nə qədər pensiya alacaq və s. məsələlərlə bağlı riyazi hesablamalara aktuar hesablamalar deyilir. Qeyd etdiyim məsələlər orta hesabla, orta vaxtla müəyyən edilir.

 

Şöbəmizim adının ilk hissəsinə uyğun olaraq, şöbədə öyrənilən və araşdırılan əsas vacib məsələlər insanların istehlakı, demoqrafiya, insanların gözlənilən həyat uzunluğu, onların həyat tərzi və həyat təhlükəsizliyi, sosial ünsiyyətlilik kimi bir sıra məsələlərlə bağlıdır. Həyat səviyyəsi o deməkdir ki, insan necə və nə qədər yaşayacaq və onun sosial və maddi imkanı necə olacaq. Biz bu istiqamətdə araşdırmalar və statistik məlumatların təhlili ilə məşğul oluruq.

- Şöbədə neçə işçi var?

- Şöbə üç sektordan ibarətdir, cəmi 12 ştatımız var.

- Həyat səviyyəsi necə ölçülür?

- Həyat səviyyəsinin ölçülməsi bir sıra amilləri nəzərə alır. Bunlardan ən rahat ölçülə bilən anlayış kimi insanların gəlir və xərcləridir. Bu çərçivədə həyat səviyyəsi deyəndə adamın nə qədər gəlirinin olması və gəlirini nəyə xərcləməsi nəzərdə tutulur. Azərbaycan vətəndaşının gəlirini digər ölkələrdəki insanların gəliri ilə müqayisə edərkən nəzərə alınmalıdır ki, bu məsələ sadəcə nominal gəlirin miqdarından, məzənnədən asılı deyil.Təssüflər olsun ki, hərdən müəyyən siyasi məqsədlərlə sadəcə gəlirləri müqayisə edirlər. Halbuki müqayisələr aparılarkən əsas diqqəti alıcılıq qabiliyyətinə yönəltmək lazımdır. Yəni məsələnin kökünə baxmaq, həmçinin ərzaq səbətinin və qeyri-ərzaq mallarının qiymətinin, eləcə də xidmətlərin dəyərini müqayisə etmək lazımdır. Elə məhsullar var ki, xaricdə Azərbaycandan dəfələrlə bahadır. Başqa sözlə müqayisələr obyektiv və əsaslandırılmış aparılmalıdır.

- Azərbaycanın hansı bölgələrində həyat səviyyəsi daha yüksəkdir, hansı bölgələrdə həyat səviyyəsi nisbətən aşağıdır?

- Bölgələrdə orta gəlir səviyyəsi var. Təbii ki, gəlir səviyyəsinə görə Bakı şəhəri birinci sıradadır, çünki paytaxtda orta gəlir səviyyəsi yüksəkdir. Ekoloji mühit, evlə təminat və s. məsələləri nəzərə alsaq isə bölgələrdə vəziyyət daha üstündür. Hər bölgə bir xüsusiyyətinə görə statistikada digərini üstələyir. Həyat səviyyəsi mürəkkəb məsələdir, ona görə birqiymətli deyə bilmərik ki, burada həyat səviyyəsi o biri yerdən üstündür. Hər yer bir cəhətə görə üstündür.

- Həyat səviyyəsinin yaxşılaşdırılması üçün nələr etmək lazımdır?

- İlk olaraq, günün tələbinə uyğun olan təhsil olmalıdır və daha çox sabah tələb olunan bilik, bacarıq və vərdişlər öyrədilməlidir.

- Yoxsulluğun nəticələrinin aradan qaldırılmasının təmin edilməsi və imtiyazlı qrupların daim dövlət orqanlarının diqqətində saxlanılması məqsədi ilə informasiya texnologiyaları vasitələrindən istifadə edərək qabaqcıl təcrübəni öyrənirsiniz. Qabaqcıl təcrübə nə deyir?

- Qabaqcıl təcrübə deyirki, hər şeyi öyrən, ancaq onu öz ölkəndə tətbiq edəndə ölkənə uyğunlaşdır. Başqa ölkənin modelini olduğu kimi tətbiq etmək olmaz .

- Sosial cəhətdən həssas qrupların sosial müdafiəsi necə təmin edilir?

- Sosial cəhətdən həssas quruplar geniş anlayışdır, elə insanlar var ki, sağlamlıqla əlaqədar, eləsi var ailə başçısını itirib ona görə və s. səbəblərdən dövlətə ehtiyacı var. Yəni dövlətin dəstəyi üçün vətəndaşların nəyə ehtiyac duyması məsələsinə baxılmalıdır.

 

Sosial təminat dedikdə müavinətlər, evdə xidmət, sanatoriyalara göndərişlər, reabilitasiya mərkəzlərində müalicə, güzəştli qruplar üçün evlər, avtomobillərlə təminat, sağlamlıq imkanları məhdud insanlar və qocalar üçün evlər və s. nəzərdə tutulur.

- Məşğulluq səviyyəsi və ümumən rifah göstəriciləri hazırda hansı səviyyədədir... Ünvanlı dövlət sosial yardımı, özünəməşğulluq işləri...

- Bir çox vətəndaşlar belə hesab edir ki, məşğul adam yalnız dövlət qurumunda ştat cədvəlində adı olan və saat 9-dan 18-dək işləyən şəxslərdir. Beynəlxalq Əmək Təşkilatının tam fərqli bir anlayışı var. Məşğul əhali (iqtisadi fəaliyyətlə məşğul olanlar) - nəzərdən keçirilən müddət ərzində (tədqiq olunmuş həftə) pul və ya natura şəklində ödənilən işə görə həftədə ən azı bir saat işləyən, mənfəət və ya ailə gəlirləri üçün özünə işləyən; ailənin gəlirini artırmaq üçün ailə təsərrüfatında işləyən şəxslər hesab olunur. Torpaq payı olan insan məşğul sayılır.

Azərbaycanda daimi iş yerləri açılır, ölkəmizdə işsizliyin aşağı səviyyədə saxlanması üçün imkanlar yaradılır Azərbaycanın sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması, məşğulluğun coğrafiyasının genişləndirilməsi, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasıdır.

 

Məhz ünvanlı sosial yardılmdan asılılığı aradan qaldırmaq üçün ölkədə aktiv özünəməşğulluq proqramı həyata keçirilir. Özünəməşğulluq əmək bazarında iş qabiliyyəti olan, lakin özünə iş tapmaqda çətinlik çəkən vətəndaşların ayrıseçkiliyə məruz qalmaması üçün dövlət tərəfindən həyata keçirilən məşğulluq tədbiridir. Yəni özünəməşğulluq öz bizneslərini qurmaq üçün dövlət tərəfindən vətəndaşlara təmənnasız şəkildə aktivlərin verilməsidir. Bütövlükdə Dövlət insanların təhsil almaq, savad və bacarıqlarını artırmaqla yanaşı onların biznes qurmalarını da diqqətdə saxlayır.

- Özünəməşğulluq çərçivəsində ödənilən pul sonra vətəndaşdan hansısa formada geri istənilirmi?

- Qeyd etmək istəyirəm ki, özünəməşğulluq çərçivəsində vətəndaşa nağd pul deyil, biznesini qurmaq üçün müəyyən aktivlər verilir. Aktivlərdən istifadə istiqaməti monitorinq edilir və əgər vətəndaş aktivlərdən məqsədəuyğun istifadə edirsə, həmin aktivlər vətəndaşa təmənnasız verilir.

- Əhali ilə ünsiyyətiniz olurmu? Əhali sizin şöbə barədə nə qədər məlumatlıdır?

- Bizim şöbə əsasən müvəffəqiyyətli fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi üçün məlumatlar əsasında araşdırma, təhlillərlə məşğuldur. Ona görə vətəndaşlarla çox da əlaqəli deyil. Amma vətəndaşları qəbul günümüz var. Vətəndaşın istəyindən asılı olaraq müvafiq vaxtda bizimlə görüşə gələ bilər. Hər həftənin ikinci günü saat 17:00-dan 18:00-dək Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin vətəndaşlarla qəbul günüdür. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)