Gürcüstan elektromobil istehsalına başlayır
Gürcüstan yaxın vaxtlarda elektromobillərin istehsalına başlayır. "BI" xəbər verir ki, Gürcüstanın Tərəfdaşlıq Fondu (dövlət investisiya fondu) (GTF), İsveçin «Uniti Sweden AB» şirkəti və Gürcüstanın «Silk Road Group» şirkəti dekabrın 20-də ölkədə elektronmobillərin istehsalına başlanması ilə bağlı memorandum imzalayıblar.
GTF-an verilən məlumata görə, memorandumda Gürcüstanda elektromobil istehsalı üzrə birgə layihənin inkişafı üzrə əsas prinsiplər və birgə istehsal üçün sahələr müəyyən edilib. Fondun rəhbəri David Saqanelidze isə bəldirib ki, bərpa olunan enerji layihələri Gürcüstan üçün çox vacibdir: «Uniti Sweden AB» şirkəti elektromobillərin istehsalında innovasiya və yüksək texnologiyalardan istifadə edir. Bu sənədin imzalanması Gürcüstanda elektromobillərin istehsalına başlanması üçün ciddi addımdır».
Qeyd edək ki, Gürcüstan hökuməti hələ oktyabrda elan etmişdi ki, hökumətin planına görə, qarşıdakı 10 ildə Gürcüstanın avtomobil parkının 90%-i elektronmobillərdən ibarət olacaq. Son illər qonşu ölkədə bu sahədə ciddi addımlar atılıb, o cümlədən ölkəyə gətirilən elektromobillər və hibrid avtomobillər üçün güzəştli vergi rejimii tətbiq edilib.
Hələ 2017-ci ildən Batumi küçələrində elektrobuslar və dizellə işləyən, amma daha ekoloji olan avtobuslar hərəkə edir. Bu işlər Avropa Bankının «Yaşıl şəhərlər» layihəsi əsasında aparılıb. Layihəyə əsasən, belə işlər Gürcustanın daha 8 şəhərində, o cümlədən Tbilisidə də aparılacaq. Qarşıdakı 2 ildə Tbilisinin avroparkının böyük hissəsi elektronmobillərlə əvəz ediləcək.
Qeyd edək ki, Gürcüstana ilk elektromobil 2011-ci ildə gətirilib. Bu gün ölkədə 3 min elektromobil, bundan bir qədər çox hibrid avtomobil var. Bütün ölkə üzrə 150 elektromobil enerji doldurma məntəqəsi var, özü də enerji doldurulması pulsuzdur, bunun xərcini dövlət öz üzərinə götürüb.