Gəncədə elektrobuslar istehsal olunacaq
Gələn ildən Gəncə avtomobil zavodunda Belarusun texnika istehsalı üzrə aparıcı müəssisələri ilə birlikdə elektrobusların istehsalı planlaşdırılır. İstehsala başlamazdan əvvəl Gəncədə belaruslu mütəxəssislərin iştirakı ilə monitorinqlər keçiriləcək və şəhərdə hansı tutumlu elektrobuslara ehtiyac olduğu müəyənləşdiriləcək. Bundan sonra tutumundan asılı olaraq kiçik və böyük qabaritli elektrobuslar istehsal olunacaq. Elektrobuslar istifadəyə verilməzdən əvvəl şəhərin müxtəlif ərazilərində enerji doldurma stansiyaları quraşdırılacaq.
Bu barədə Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun görüşündə məlumat verilib.
- Eləcə də bax: "Azərmaş” 2 milyonluq sifariş aldı
Şəhər icra hakimiyyətində keçirilən görüşdə Azərbaycan ilə Belarus arasındakı əlaqələrdən söz açılıb və müxtəlif sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, Gəncə avtomobil zavodu sənaye sahəsində Belarus-Azərbaycan əməkdaşlığının flaqmanıdır. On ildən artıqdır ki, bu zavod traktor, avtomobil, kommunal texnika və xüsusi texnikanın yığılması əməliyyatlarının həyata keçirilməsində Belarusun texnika istehsalı üzrə aparıcı müəssisələri ilə fəal əməkdaşlıq edir. Bu illər ərzində Gəncə avtomobil zavodu Azərbaycan bazarını müxtəlif modifikasiyalı traktor və avtomobil texnikası ilə təchiz edib.
Söhbət zamanı birgə layihələrin icrası, qarşılıqlı təcrübə mübadiləsi, işçi görüşlərinin təşkili və digər məsələlər müzakirə olunub.
Görüşdə Gəncə avtomobil zavodu İstehsalat Birliyinin direktoru Kamran Nəzərov da iştirak edib.