Sənaye

SOCAR Türkiyə ilə birlikdə Qara dənizdəki qaz yataqlarını işlətməyə hazırdır

Türkiyənin Qara dənizdə yeni qaz ehtiyatlarını kəşf etməsi strateji əhəmiyyətə malikdir.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi, "SOCAR Turkey Enerji" və "Petkim Holding"in İdarə Heyəti sədrinin müavini Vaqif Əliyev jurnalistlərə açıqlamasında bildirib.

“Nəzəri olaraq, “Türk Petrolleri” (TPAO) şirkəti ilə bu yataqlarda işlənmə və hasilat sahəsində əməkdaşlıq edə bilərik. Bu, peşəkar maraqlarımız sahəsinə daxildir”, - deyə V.Əliyev bildirib.

Onun sözlərinə görə, SOCAR-ın ən böyük xarici investisiyaları Türkiyəyə yatırılıb və onların həcmi 16,5 milyard ABŞ dollara çatıb: “SOCAR neft və qaz yataqlarının kəşfiyyatı, eləcə də dənizlərdə qazma işlərində böyük təcrübəyə malikdir. Qara dəniz dərinliklərinə və dalğaların intensivliyinə görə ənənəvi bir platformanın quraşdırılması üçün uyğun olmaya bilər. Ancaq istehsal, insanların yeni proseslərə birbaşa qatılmaması da daxil olmaqla, yeni texnologiyaların cəlb edilməsi ilə qurula bilər”.

V. Əliyev Türkiyənin Qara dənizdə yeni qaz ehtiyatlarını kəşf etməsinin strateji əhəmiyyətinə diqqət çəkib. O xatırladıb ki, SOCAR 1994-cü ildən bəri Türkiyənin TPAO şirkəti ilə müxtəlif layihələrdə əməkdaşlıq edir və bu təcrübəni üçüncü ölkələrdə qiymətləndirmə fürsəti mövcuddur.

Eyni zamanda, SOCAR rəsmisi qeyd edib ki, ilkin mərhələdə belə əməkdaşlığın enerji mənbələri ilə zəngin olan bölgələrdə həyata keçirilə biləcək: “Prezidentlərimizin bu mövzuda ortaq mövqeyi bizim üçün bir təlimatdır".

Qeyd edək ki, TPAO şirkəti Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda, “Şahdəniz” qaz-kondensat yatağında, Cənubi Qafqaz Boru Kəmərində və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərində yaxından iştirak edir. Belə ki, Türkiyənin neft-qaz şirkəti AÇG də 5,73 % səhm payına malikdir. Həmçinin, TPAO “Şahdəniz” yatağında 19 % səhm sahibidir. Bundan başqa, “Türkiye Petrolleri” şirkəti BTC Ko şirkətində 6,53 %, Cənubi Qafqaz Boru Kəməri şirkətində isə 19 % səhm payına malikdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)