AVRO-2020 yarışları dövründə Bakı metrosu gecə saat 2-dək işləyəcək
Futbol üzrə UEFA Avropa çempionatının final mərhələsinin oyunlarına ilk dəfə ev sahibliyi edəcək paytaxt Bakının əsas ictimai nəqliyyat vasitələrindən olan metropoliten də sərnişinlərinə xidmət edəcək.
Məlumata görə, birinci Avropa və İslam Həmrəylik oyunlarında, futbol üzrə UEFA Avropa liqasının final matçında olduğu kimi, Bakı metropoliteni bu dəfə də sərnişinlərinə nümunəvi xidmət göstərməyə hazırdır. Bununla əlaqədar bütün hazırlıqlar başa çatdırılıb.
Şəhərimizdə futbol ovqatını gücləndirmək məqsədilə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi sərnişindaşıma fəaliyyətinin bərpa olunduğu qısa müddət ərzində bir çox yeniliklərini və müjdəli xəbərlərini də təqdim edir.
Məlumdur ki, “A” qrupunun 3 oyunu (12, 16 və 20 iyun) və 1/4 final matçı (3 iyul) metropolitenin “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək. Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək. Beləliklə, metro sərnişinləri və idmansevərlər ay ərzində metropolitendən rahat istifadə edəcəklər.
Futbol azarkeşlərinin, akkreditə olunmuş şəxslərin və şəhərimizin qonaqlarının marağını nəzərə alaraq, matçlar başa çatandan sonra gecə saat 02:00-a qədər metropoliten sərnişindaşıma fəaliyyəti göstərəcək. Qeyd edək ki, Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gediş haqqı ödəmədən və müvafiq vəsiqəni təqdim edərək istifadə edə biləcəklər.
Ümumiyyətlə, oyun günləri “Koroğlu” stansiyasında operativ qərargah fəaliyyət göstərəcək. Buradan əməliyyat-qrafik üzrə tədbirlərin yerinə yetirilməsinə, hərəkətin tənzimlənməsinə və digər vacib qərarların verilməsinə şərait yaradılıb. Stansiyada müvafiq strukturların fəaliyyəti üçün lazımi imkanlar yaradılıb.
Gücləndirilmiş iş rejimi qaydasında çalışan metropolitendə müvafiq rəhbər və mütəxəssis heyətindən ibarət operativ mərkəzlər fəaliyyət göstərəcək. Onların fəaliyyəti əsas qərargahdan idarə olunacaq. Müvafiq dövlət strukturları və yarışın təşkilat komitəsi ilə sıx əlaqəli şəkildə Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən "Koroğlu" stansiyasına giriş-çıxışın tənzimlənməsi təmin olunacaq. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar xəttə çıxarılmağa hazır olacaq. “Koroğlu” stansiyasında sərnişinlərin yönləndirilməsinə zərurət yaranarsa, səsucaldanlardan istifadə ediləcək.
Oyunların keçirildiyi günlərdə metropolitenin 7 stansiyasında (“İçərişəhər”, “Sahil”, “28 May”, Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” və “Nizami”) könüllülər fəaliyyət göstərəcək. Onlar üzərində "Ask me" yazılmış xüsusi geyimlərdə olacaq və qonaqları məlumatlandıracaq, yaranan sualların cavablandırılmasını təmin etmək üçün metropolitençilərə dəstək verəcəklər. Könüllülər sərnişinin yaddaş kitabçası, şəhər və Avropa çempionatı haqqında məlumat və digər vəsaitlərlə təmin ediləcəklər.
Futbol bayramı ovqatının yaradılması məqsədilə stansiyalarda xüsusi plakatlar və bannerlər yerləşdirilib, monitorlarda çarxlar nümayiş olunur. Məlumdur ki, çempionatın “A” qrupunda qardaş Türkiyənin də milli futbol komandası çıxış edəcək. Komanda iyun ayının 16-sı və 20-si iki görüşünü Bakı Olimpiya Stadionunda keçirəcək. Metropoliten qardaş ölkənin futbolçularına dəstəyini də əsirgəməyəcək. “Bir millət, iki dövlət” timsalı ilə Türkiyə millisinə olan sərnişin və azarkeş marağı da xüsusi nəzərə alınıb. Mənəvi dəstəyin ifadəsi olaraq, stansiyalarda "Türkiyə, ürəyimiz səninlə döyünür!" posterləri yerləşdiriləcək.
Bütün qeyd edilənlərə rəğmən, “Bakı Metropoliteni” QSC bayram ovqatını birgə yaşamağa və bunun üçün sərnişinlərinə müraciət edərək, istifadə qaydalarına riayət etməyi unutmamağa çağırır. Bu xüsusda Bakı metropolitenindən istifadə edərkən “COVID-19” pandemiyası ilə əlaqədar ictimai nəqliyyatda metodiki göstərişin tələblərinə ciddi riayət olunması, xüsusən tibbi maskadan düzgün istifadə olunması sağlamlıq üçün vacibdir.
Arenaya və arenadan ən qısa yolunuz metrodan düşə bilər.
Oyundan həzz alaq, amma qaydaları da unutmayaq!