MALİYYƏ

Salvador bitkoini rəsmi pul vahidi kimi tanımağa qərar verən ilk ölkə oldu

Salvador prezidenti Nayyib Bukele bitkoini dövlətin rəsmi valyutasına çevirmək qərarını açıqlayıb. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Əgər dövlət başçısının bu fikri parlament tərəfindən dəstəklənsə, Salvador kriptovalyutaya rəsmi ödəmə vasitəsi statusunu təyin edən ilk ölkələrdən biri olacaq. Bukelenin sözlərinə görə, kriptovalyutanın leqallaşdırılması ölkəyə bir çox üstünlüklər qazandıracaq.

Qeyd edək ki, Salvador Mərkəzi Amerikada yerləşir və onun öz valyutası yoxdur. Bunun əvəzinə, ölkədə ABŞ dollarından istifadə edilir. Bukele bitkoinin leqallaşdırılmasından sonra xaricdə işləyən vətəndaşların ailələrinə pul göndərmək prosedurun xeyli asanlaşacağını söyləyib.

“Qısamüddətli perspektivdə bu, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq və formal iqtisadiyyatdan kənarda yaşayan minlərlə insanın maliyyə dünyasına cəlb olunmasına kömək edəcək”, – deyə Bukele əlavə edib.

Prezident öz “tvitində” Salvador əhalisinin 70%-nin bank hesabının olmadığını və kölgə iqtisadiyyatda qaldığını yazıb. Bitkoinin rəsmi ödəmə vasitəsi kimi tanınması “ölkə iqtisadiyyatını dirçəlmək, kreditlərə və investisiyalara girişi təmin etmək” üçün ən əlverişli yoldur.

Bildirildiyi kimi, Bukele iyunun ortalarında bitkoinin rəsmi valyuta kimi tanınması ilə bağlı qanun layihəsini parlamentə təqdim edəcəyinə söz verib. Prezident kriptovalyutanın Salvadorun maliyyə sisteminə tam olaraq necə inteqrasiya ediləcəyini izah etməyib.

Salvador iqtisadiyyatı ölkəni tərk etmiş vətəndaşların vətənlərinə göndərdikləri puldan asılıdır. Bu vəsaitlər Mərkəzi Amerika ölkəsinin ÜDM-sinin təxminən 20%-ni təşkil edir. Salvadorun özündə təxminən 6.4 milyon insan yaşayır, daha 2 milyon insan ölkəni işləmək üçün tərk edib. Hər il onlar 4 milyard dollardan çox qohumlarına göndərir. Banklar bu cür köçürmələrə görə komissiya götürür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)