Bank

Bank sektoru 4 ayı necə yola saldı: statistik göstəricilər

30 aprel 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 32 milyard 796,7 milyon manat təşkil edir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 1 yanvar 2021-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat məbləğində olub. Beləliklə, yanvar-aprel aylarında bankların aktivləri 2,3% artıb.

Aprelin sonuna bankların kredit portfeli 14 milyard 611,8 milyon manat təşkil edib və bu 2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə 3,2% artım deməkdir.

Bankların ümumi kapitallaşması isə 0,7% yüksələrək, 4 milyard 731,1 milyon manat olub. 

Hesabat dövrünün sonuna bankların öhdəlikləri 28 milyard 65,6 milyon manata çatıb, başqa sözlə 2,6% artıb. Artım əsasən əhalinin əmanətləri hesabına baş verib. Əhalinin əmanətləri 2,2% böyüyərək 8 milyard 219,9 milyon manat təşkil edir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında borc öhdəlikləri az da olsa kiçilib və 371,3 milyon manat məbləğindədir. 

AMB-nin məlumatına görə, 2021-ci ilin yanvar-aprel aylarında bankların ümumi xalis mənfəəti 194,7 milyon manat təşkil edib və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,7% çoxdur. Hesabat dövründə faiz gəlirləri 662,6 milyon manat (artım 1,3%) olub ki, bunun 527,7 milyon manatı verilmiş kreditlər üzrə daxilolmalardır. Qeyri-faiz gəlirləri 6,4% artaraq 236,3 milyon manat məbləğində olub.

Bu dövrdə bankların faiz xərcləri 173,8 milyon manat  təşkil edib. Bunun 111,4 milyon manatı depozitlər üzrə faiz ödənişləridir. Qeyri-faiz xərcləri isə 2,6% artıb və 410,9 milyon manatdır. Nəticədə bank sektorunun əməliyyat mənfəəti 7,1% olub və 301,6 milyon manat təşkil edib.

Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 238,1 milyon manat, mənfəət vergisi üzrə ödənişlər 43,4 milyon manat olub. Bu isə 15,1% azalma deməkdir.

30 aprel 2021-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)