Bakı metrosundan - YENİ İSTİFADƏ QAYDALARI
“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi metroda sərnişindaşımanın fəaliyyətinin bərpası ilə bağlı açıqlama yayıb.
Qurumdan daxil olan məlumata görə, mayın 31-dən etibarən metroda sərnişinlərə tələblərə dair qaydalar aşağıdakı kimi olacaq:
1. “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxılmalı və sosial məsafə gözlənilməlidir. Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar;
2. Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan müvafiq qaydada istifadə etməsi və sərnişinlərin hərarəti seçimli şəkildə tibbi avadanlıq vasitəsi ilə yoxlanılacaq. Seçmə qaydada yoxlama zamanı yüksək hərarəti olan sərnişinlər metropoliten ərazisinə buraxılmayacaqlar;
3. Sosial məsafənin qorunmasını, tibbi maskadan istifadəni, sanitar-gigiyenik qaydalara riayət olunmasını təmin etmək məqsədilə sərnişinlərin audio, vizual, statik məlumatlandırması üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlara məlumatlandırıcı işarələr yapışdırılacaq, zərurət yarandığı halda, sərnişinlərin rabitə vasitələri və səsucaldanlarla məlumatlandırılması təmin olunacaq;
4. Bakı metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılacaq;
5. Sərnişinlərin sosial məsafəni qoruması və metropolitenə təhlükəsiz və nizamlı daxil olmasını təmin etmək məqsədilə istiqamətləndiricilərin qoyulması və digər profilaktik, tənzimləyici tədbirlər istisna olunmur.
Qeyd edək ki, Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, 31 may 2021-ci il saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunur.