MALİYYƏ

Hesablama Palatasının dövlət borcu ilə bağlı rəyi AÇIQLANIB

2020-ci ildə xarici dövlət borcuna xidmət üzrə ödənişlər əvvəlki illə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu hesabına xarici dövlət borcu üzrə faiz və əsas borc ödənişləri üzrə nəzərdə tutulmuş məbləğdən artıq vəsait icra edilib.

ENA.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasına rəyində qeyd edilib. 

Sənəddə vurğulanıb ki, təqdim olunmuş hesabat məlumatlarına əsasən 2020-ci ildə xarici dövlət borcuna xidmət üzrə ödənişlər 1593012,8 min manat təyinata qarşı 100% icra olunub ki, bu məbləğ 2019-cu ilin müvafiq icra göstəricisi ilə (713171,0 min manat) müqayisədə 879841,8 min manat və ya 2,2 dəfə çoxdur.

2014 - 2019-cu illərdəki kimi, 2020-ci ildə də dövlət büdcəsində xarici dövlət borcu üzrə ödənişlər yalnız beynəlxalq maliyyə-kredit təşkilatlarından alınan kreditlər üzrə olub.

2020-ci ildə xarici dövlət borcu üzrə faiz ödənişləri (bank xərcləri daxil) 468885,6 min manat məbləğində proqnoza qarşı 100%, əsas borc ödənişləri 1124127,2 min manat məbləğində proqnoza qarşı 100% icra edib. Bu isə 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə müvafiq olaraq 221544,7 min manat (89,6%) və 658297,1 min manat (141,3%) çoxdur.

Təqdim olunmuş məlumatlara əsasən, 2020-ci ildə xarici dövlət borcu üzrə faiz və əsas borc ödənişləri üzrə nəzərdə tutulmuş məbləğdən artıq xərc edilib ki, bu da Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu hesabına (231,2 mln. manat) həyata keçirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department