ABŞ Avstraliyaya 1,94 milyard dollar dəyərində silah satır
Amerika Birləşmiş Ştatları Avstraliyaya ümumi dəyəri 1,94 milyard ABŞ dolları olan dörd ədəd CH-47F “Chinook” helikopteri, 75 ədəd M1A2 Abrams tankı, onlarla zirehli texnika və hərbi avadanlıq satmağı planlaşdırır.
“ENA” xəbər verir ki, bu barədə Dövlət Departamenti və Pentaqonun daxilində ixtisaslaşmış dövlət şöbəsi məlumat verib.
Dövlət şöbəsi hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah tədarükünə, ABŞ Silahlı Qüvvələri ilə digər ölkələr arasında əlaqələrin təşviqinə, müdafiə sahəsində rəsmi Vaşinqtonun xarici tərəfdaşlarına maliyyə və texniki yardım göstərilməsinə məsuldur.
Yeni razılşamaya həmçinin, minaların təmizlənməsi üçün nəzərdə tutulan zirehli “M1150” nəqliyyat vasitəsi, altı ədəd təmir və evakuasiya üçün “M88A2” zirehli maşını, 122 ədəd “AGT1500” qaz turbin mühərriki, səkkiz ədəd “T55-GA-714A” təyyarə turbin mühərriki və raket hücumundan xəbərdarlıq sistemləri daxildir.
Artıq Dövlət Departamenti razılaşma ilə bağlı müsbət qərarını rəsmi olaraq Konqresə bildirib. ABŞ qanunverici orqanı 30 gün ərzində yeni müqavilələr barədə yekun qərar verməlidir.