ENA+

London Avropa İttifaqından sazişsiz çıxmağa hazırlaşır

Böyük Britaniyanın Nazirlər Kabineti hazırda ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsi variantına hazırlığın prioritet fəaliyyət istiqaməti olduğu qənaətinə gəlib.

"BI" TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Brexit məsələləri üzrə nazir Stiven Barkli deyib. O, eyni zamanda, Brüssellə əldə edilən sazişin bütün hallarda ümumi prioritet olduğunu da bildirib.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit referendumunun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa İttifaqının tərkibindən çıxmasına səs verib. Lakin bu il noyabr ayının ortalarında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-nin tərkibində qalmasını istədiyini bildirib.

Bu ərəfədə Britaniya mətbuatında bəzi hökumət üzvlərinin Birləşmiş Krallıqda Brexit üzrə növbəti referendumun keçirilməsinin mümkünlüyünü müzakirə etdiyi barədə məlumatlar yer almaqdadır. “The Times” qəzeti yazır ki, hökumət üzvlərinin əksəriyyəti Tereza Mey və Avropa İttifaqı liderlərinin razılaşdırdığı Brexit sazişin şərtlərini uğursuz hesab edir. Nəşrin məlumatına əsasən, yeni plebisitin keçirilməsi variantı Britaniyanın Nazirlər Kabinetində açıq müzakirə olunur. Həmin ideya beş nazir, o cümlədən maliyyə naziri Filip Hammond, əmək və pensiya məsələləri naziri Ember Radd tərəfindən bu və ya digər dərəcədə dəstəklənir.

Lakin Baş nazir Tereza Mey təkrar referendum keçirilməsinin qəti əleyhinədir. Onun fikrincə, bu, Britaniya hökumətinin siyasətinə düzəldilməsi mümkün olmayan zərbə vura bilər. Parlament üzvlərini Britaniya xalqına verilən vədə xilaf çıxmamağa çağıran Tereza Mey hesab edir ki, “ölkənin birləşməsi üzərində işlər aparılmalı olduğu halda, yeni referendum onu daha çox böləcək” və mühafizəkarların “demokratiyanı reallaşdırmaq” qabiliyyətini sual altında qoyacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)