Bağlanan banklarda 29 milyon vəsaitimiz qalıb - MÜSAHİBƏ
Kənd təsərrüfatında çalışanların kredit alması, dövlət vəsaitinin düzgün, təyinatı üzrə xərclənməsi və problemli kreditlərin qaytarılması üçün Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidməti ciddi şəkildə çalışmağa başlayıb.
Xidmətin rəisi Mirzə Əliyev suallara cavab verib:
- Bu il nə qədər vəsait verməyi nəzərdə tuturdunuz və bu vəsaiti tam şəkildə yerləşdirə bildinizmi?
- Bu ilin may ayında açıqlamışdıq ki, 10 milyon manat vəsait yerləşdirəcəyik. Çox xoş oldu ki, hazırda bu hədəfə çatmışıq, deyə bilərəm. Nəzərə alsaq ki, hələ ilin sonuna iki həftəmiz var, demək, əlavə olaraq 500 min və ya bir milyon manat da verilə bilər.
- Kreditlərin verilməsi şərtlərini bir daha açıqlayın, zəhmət olmasa.
- Dövlət büdcəsindən xidmətə müəyyən vəsait ayrılır və bu vəsait Dövlət Xidməti tərəfindən aqrar sahədə çalışanlara ötürülür. Vəsait ili iki faiz olmaqla müvəkkil kredit təşkilatlarına verilir, kredit təşkilatları isə üzərinə maksimum beş faiz əlavə etmək şərtilə, maksimum yeddi faiz olmaqla, fermerlərə verirlər. Bu gün əlimizdəki kredit müqavilələrinə baxsaq, hətta bankların bu kreditləri 4-5 faizlə verdiyini belə görürük. Orta faiz göstəricisi isə 5,5-6 faiz arasıdır.
- 11 ildə 210 milyon manat kredit verilib. İllər üzrə bölsək, kredit verilişi hansı intensivlikdədir?
- Məsələn, son iki ildə 200-300 min kredit verilib. Amma əvvəlki illərdə verilən kreditlərin məbləği yüksəkdir, çünki il ərzində dövlət tərəfindən 5-6 milyon manat vəsait ayrılıb.
- Kreditlərin geriyə yığılmasında hansı problemlər var?
- Kreditlərin 67 faizi banklar vasitəsilə verilib. Ölkədə kreditləşmədə kredit ittifaqlarının payı 1%-dən belə aşağıdır. Ancaq bizim kreditlərin fermerlərə əlçatan olması üçün bu rəqəm artıq 13%-ə çatıb.
Təbii ki, problemli kreditlərin həcmi də az deyil və burada kredit ittifaqlarının rolu xüsusidir. Kredit ittifaqlarına ayırdığımız kreditin hardasa 80%-i problemlidir. Banklar isə verilən kreditlər üzrə vəsaitləri vaxtında qaytarırlar. Təbii ki, əsas problemimiz lisenziyası ləğv olunmuş banklarladır. Bilirsiniz ki, müvafiq qanunvericiliyə görə, əvvəlcə fərdi şəxslər öz vəsaitlərini alırlar və yalnız sonda dövlət qurumlarının tələbləri yerinə yetirildiyindən bizim müəyyən qədər vəsaitimiz həmin qurumlarda qalır.
- Kredit ittifaqlarına verilən vəsaitin 80 faizinin geri qayıtmaması şübhəli deyilmi, araşdırma aparmısınızmı?
- Biz bununla bağlı araşdırma aparmışıq və düşünürük ki, gələn ilin yanvar ayında kredit ittifaqları və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə bir görüş keçirək, sağlamlaşdırma tədbirlərini müzakirə edək.
Qeyd edim ki, hələ bir müddət əvvəl bu rəqəm 92 faiz idi. Bir neçə kredit ittifaqı ilə müəyyən sağlamlaşdırma tədbirləri keçirdik. Əsas problemlər odur ki, kredit ittifaqlarında problemli kreditlərin yığım mexanizmi, kreditlərlə iş aparan ixtisaslaşmış kadrlar yoxdur. İkinci problem odur ki, kredit ittifaqlarının yaxşı hüquqşünaslara yığım alətlərinə malik olmaması nəticəsində məhkəmələrlə iş qura bilmirlər.
Unutmayaq ki, kreditin problemi onu verərkən yaranır. Ona görə də krediti verəndə düz vermək lazımdır, yoxsa yığmaq çətin olur. Kredit təhlili imkanları nəinki kredit ittifaqlarında, hətta bir çox banklarda belə yoxdur. Kredit təhlilinin mexanizmi düz qurulmalıdır. Üçüncü istiqamət odur ki, kreditlər təyinatı üzrə düzgün istifadə olunmur. Kreditlə işləmək lazımdır, kredit monitorinq sistemi yoxdur. Bu sahədə artıq çalışırıq və problemlərin həlli üçün müəyyən işlər görməyə başlamışıq.
- 210 milyon manat həcmində kredit verilib. Bunun nə qədər hissəsi vaxtı keçmiş kreditlərdir?
- Gəlin, biz 210 milyona köklənməyək, çünki 210 milyon satılmış vəsaitdir. Bu gün xidmətdə aktiv olan, 80 milyon manatın üzərində kredit portfeli mövcuddur. Bu vəsaitin hardasa orta hesabla 30 faizi problemli kreditlərdir. Və bunun əsas hissəsi lisenziyası ləğv olunmuş banklarda olan hissədir.
- Bağlanan banklarda nə qədər vəsaitiniz qalıb?
- Təxminən 29 milyon manat.
- Hansı banklardadır?
- Lisenziyası ləğv edilmiş 1-2 bankı çıxmaqla, hamısında.
- Ən böyük məbləğlər hansı banklarda qalıb?
- Ən böyük məbləğlərdən biri “Gəncə Bank”dadır. “Zamin Bank” həcm baxımından ikincidir, eyni zamanda, “Royal Bank”da müəyyən həcmdə vəsaitimiz qalıb.
- Girov və sığorta sistemi ilə bağlı müəyyən problemlər qalır. Kənd yerlərində ən çox girov kimi torpaq sahəsi istifadə olunurmu və daşınar əmlakın yüklülüyü reyestri işləyirmi?
- Kredit portfelləri üzrə girovlara baxsaq, daha çox birinci yerdə rayonlardakı daşınmaz əmlakdır, nəinki torpaqlar. Bilirsiniz ki, daşınar əmlakın iki növü var: avtomobillər, texnikalar və s. Bundan başqa, qeydiyyata alınmayan əmlaklar var, hansı ki, bunlara qızıl-zinət əşyaları, heyvanlar və s. daxildir.
Məlumat üçün deyim ki, artıq bu reyestr çox yaxşı fəaliyyət göstərir, Kredit Zəmanət Fondu işləkdir. Düşünürük ki, təhlil bilikləri inkişaf etdirilməlidir. Cəlilabadda 10 hektar taxıl əkənin götürdüyü kredit və daşıdığı risklə Qubadakı kredit götürənin riski bərabər deyil. Banklar bu biliklərə malik olmağa məcbur deyillər, ona görə də biz bazar üçün bir model hazırlamağı qarşımıza məqsəd qoymuşuq.