Elmar Vəliyevin işçilərinin "pul söhbətləri" məhkəməyə çıxarılır: ilkin istintaq yekunlaşdı
Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi vəzifəsində çalışmış Əli Rüstəmov və Razin Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Nural Əliyevin icraatına verilib.
Qeyd edək ki, M.Mustafayev və Ə.Rüstəmov 2020-ci ilin avqust ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi ilə əlaqədar həbs ediliblər.
İstintaq zamanı əldə olunan ilkin sübutlar əsasında Məharət Mustafayevin Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən qabaqcadan əlbir olduğu Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri Əli Rüstəmli və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girməklə, onların vasitəsilə ayrı-ayrı şəxslərdən müxtəlif vaxtlarda fərdi yaşayış evlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına icazə verilməsi, eləcə də digər qanunsuz məqsədlər üçün ümumilikdə 194 min 300 manat məbləğində pul vəsaitini rüşvət qismində ələ keçirməsinə, həmçinin, istehsal fəaliyyətinin davam etdirilməsinə şərait yaradılmasını vəd etməklə, vətəndaşa məxsus 175 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Məharət Mustafayevin Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən torpaq sahəsinə dair müvafiq sənədləşmənin aparılması üçün rəhbəri olduğu şöbənin mühəndisi vasitəsi ilə vətəndaşdan 9 min manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyərək almasına və qeyd edilən hərəkətləri ilə vətəndaşların qanunla qorunan maraqlarına ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
24 avqust 2020-ci il tarixdə Məharət Mustafayev, Əli Rüstəmli, eləcə də həmin cinayətlərin törədilməsində vasitəçi qismində iştirak etmiş Razin Qəhrəmanov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda təkrar rüşvət alma), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrikçilik), 29, 178.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluğa cəhd etmə) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, Məharət Mustafayev və Əli Rüstəmli barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Razin Qəhrəmanov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.