Azərbaycan Dəmir Yollarında Müşahidə Şurası yaradıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
"ENA" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə aşağıdakılar qərara alınıb:
1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 563; 2015, № 9, maddə 1009; 2016, № 2 (II kitab), maddə 336; 2020, № 5, maddə 601) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə “Cəmiyyəti” sözündən sonra “(bundan sonra ‒ Cəmiyyət)” sözləri əlavə edilsin;
1.2. 2-ci və 3-cü hissələr aşağıdakı redaksiyada verilsin:
“2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;
2.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:
2.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
2.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
2.2.3. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;
2.2.4. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
2.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.
3. Müəyyən edilsin ki:
3.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;
3.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:
3.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
3.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;
3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;
3.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
3.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
3.2.6. Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
3.2.7. Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;
3.2.8. Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
3.2.9. bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan İnvestisiya Holdinqi:
3.1. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;
3.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.