Balaxanı Sənaye Parkına daha 4 milyon manat investisiya qoyulacaq
Təkrar emal və “sıfır tullantı” prinsipi ilə fəaliyyət göstərən Balaxanı Sənaye Parkında daha 3 rezident qeydiyyata alınıb.
Bu barədə "ENA"ya İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, kimyəvi təmizlik vasitələri və kağız məhsulları istehsalı ilə məşğul olacaq “Horeca” MMC xammal kimi kimyəvi maddələr və kağız tullantılarından istifadə edəcək. İl ərzində 1000 ton kimyəvi təmizlik vasitələri və 1500 ton kağız məhsullarının istehsalını nəzərdə tutan layihənin dəyəri 2,4 milyon manatdır. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunacaq.
Digər yeni rezident “Buta Project” MMC hidroizolyasiya və dam örtükləri istehsal etməyi planlaşdırır. Dəyəri 1 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 3,2 milyon m² izolyasiya materialı istehsal ediləcək.
Polietilen tullantıların emalı nəticəsində qranul istehsalı üzrə ixtisaslaşacaq “Chameleon Group” MMC isə il ərzində 1000 ton məhsul istehsal edərək əsasən daxili bazarı təmin etməyi nəzərdə tutur. Layihənin ümumi dəyəri 250 min manatdır.
Beləliklə, ümumi investisiya qoyuluşu 3,65 milyon manat təşkil edəcək.
10,1 hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkının 22 rezidentindən 16-si artıq fəaliyyət göstərir və 780-ə yaxın daimi iş yeri yaradılıb. Parkın əsas məqsədi kiçik və orta sahibkarlara münbit biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir.