Dövlət Xidmətindən qaz sayğaclarının dəyişdirilməsinə münasibət
Son zamanlar smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəz edilməsi ilə bağlı yayılan məlumatlar istehlakçılarda narahatlığa səbəb olub.
ENA.az xəbər verir ki, bu barəda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bununla əlaqədar Dövlət Xidməti istehlakçıların diqqətinə çatdırır ki, ölkə ərazisində dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz sayğaclarından istifadə edilir. Belə ki, quraşdırılmamışdan əvvəl hər bir sayğacın metroloji qayda və normalara uyğunluğunu Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu yoxlayır və yoxlamadan keçirilən sayğacların tipi təsdiq olunaraq dövlət reyestrinə daxil edilir.
Mövcud qayda və standartların tələblərinə əsasən, istismarda olan sənaye qaz cihazları 3 ildə bir dəfə, məişət qaz sayğacları isə 5 ildə bir dəfə dövri yoxlamadan keçməlidir. Bu müddətə uyğun olaraq sayğacları, “Azəriqaz”ın nümayəndələri quraşdırıldıqları ünvanlardan sökərək, qurumun Metrologiya Departamentinə təqdim edir. Qaz verilişinin fasiləsizliyini təmin etmək məqsədilə sökülmüş qaz sayğacının əvəzinə başqa sayğac quraşdırılır. Sayğacların dövri yoxlanması texniki cəhətdən yararsız sayğacların istismardan kənarlaşdırılmasını təmin edir, eyni zamanda istehlakın həcmini dəqiq müəyyən etməyə və itkilərin qarşısını almağa imkan yaradır. Yoxlama nəticəsində istismara yararlılığı müəyyən olunan sayğaclar yenidən istifadə oluna bilər.