“Kənddən Şəhərə” həftəsonu yarmarkaları yenidən təşkil olunacaq
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC 19-21 fevral tarixlərində Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil edəcək.
Bu barədə nazirlikdən bildirilib.
Məlumata görə, yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçiriləcək.
Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.
Yarmarka karantin rejiminin tələblərinə tamamilə əməl olunmaqla keçiriləcək. Yarmarkada əvvəlcədən qeydiyyatdan və tibbi müayinədən keçən fermerlər iştirak edəcəklər. Onlar ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya tədbirləri aparılacaq, yarmarkaya daxil olan vətəndaşların temperaturları ölçüləcək və ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzərət olunacaq.
“Kənddən şəhərə” həftəsonu yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı);
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı);
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.