“Bitcoin”in elektrik enerjisi sərfiyyatı bir çox dünya ölkəsindən çoxdur
Ötən il “Bitcoin” kriptovalyutasının istehsalında 121,05 teravatsaat elektrik enerjisi istifadə edilib.
ENA.az xarici mətbuata istinadən xəbər verir ki, bunu İngiltərənin Cambridge Universitetinin “Cambridge Alternative Finance Center” mərkəzinin hesabatında bildirilib.
Məlumata görə, il ərzində “Bitcoin”in istifadə etdiyi elektrik enerjisi dünyanın ümumi istehlakının 0,56 %-ni təşkil edib.
Bundan başqa, kriptovalyutanın illik enerji sərfiyyatı Argentina, BƏƏ kimi bir çox dünya ölkələrinin sərfiyatından çoxdur.
Qeyd edək ki, “Bitcoin”in sistemində edilən bütün əməliyyatlar kriptovalyutaya qoşulmuş böyük bir kompüter şəbəkəsi tərəfindən qeyd olunur. Sistemdə elektrik istehlakına səbəb olan əsas amil mədençilər adlandırılan və “bitcoin” istehsal edən insanlardır. Mədənçilər çox sayda inkişaf etmiş kompüterlə əməliyyatları aparmaq məcburiyyətində qaldıqları üçün böyük elektrik istehlakına səbəb olurlar.