Sosial iqtisadiyyat

Açılışa hazırlanan “8 Noyabr” stansiyasının özəllikləri açıqlanıb

“Metronun “8 Noyabr” stansiyası bu ilin sonuna qədər istifadəyə veriləcək”.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qurum rəsmisinin sözlərinə görə, stansiyanın açılışı metropolitendə sərnişindaşınma fəaliyyətinin bərpa olunması ilə əlaqəli deyil, ayrıca texnoloji prosesdir.

B.Məmmədov qeyd edib ki, hazırda stansiyada son tamamlama işləri görülür:

“Hazırda Bənövşəyi xəttin üzərində yerləşən üçüncü – “8 Noyabr” stansiyası istismara hazırlanır. Stansiya 3 səviyyədən ibarət olmaqla müasir metro inşaatı metod və üsulları, texnologiyalardan istifadə olunmaqla inşa edilib. Dörd giriş-çıxış keçidi olan stansiyaya sərnişinlərin rahat və təhlükəsiz daxil olub çıxmasını pilləkənlərlə yanaşı, 17 eskalator təmin edəcək. Stansiyada fiziki imkanları məhdud sərnişinlərin istifadəsi üçün nəzərdə tutulmuş 3 lift quraşdırılıb.

Stansiyanın əsas özəlliklərindən biri də qatarların bir yoldan digər yola keçərək əks istiqamətdə hərkətini təmin edən dönmə kamerasıdır. Bu isə fərqli hərəkət qrafikinin tətbiqi, hərəkət intervalını azaltmaqla, qatarların müntəzəm hərəkətinin daha da intensivləşdirilməsinə şərait yaradacaq”.

B.Məmmədov bildirib ki, inşaat işlərinin son mərhələsi ən böyük, ən əhəmiyyətli işlərin tamamlanması və daha çox məsuliyyət deməkdir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)