Qarabağ

Naməlum biznesmenlər Türkiyə-Ermənistan sərhədində torpaqları beşqat baha qiymətə alır

“Dağlıq Qarabağda döyüşlərin dayandırılması haqqında üçtərəfli saziş, digər məsələlərlə yanaşı, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılmasını da nəzərdə tutur. Bu dəhlizin açılması istiqamətində hazırlıq işləri Türkiyədə Ermənistanla həmsərhəd olan ərazilərdə torpaq sahələri əldə etmək istəyənlərin sayının kəskin artmasına gətirib çıxarıb”.

“ENA” bildirir ki, bu sözləri türkiyəli jurnalistlərə müsahibəsində Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

“Dağlıq Qarabağdakı müharibədən sonra Zəngəzurda dəhliz açılması qərarına gəlinib. Bunu eşidən yerli və xarici iş adamları Qars və Iğdırdakı torpaqlara maraq göstərib”, - deyə o qeyd edib.

ASİMDER-in rəhbəri, həmçinin əlavə edib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər Qarabağ problemi ilə əlaqədar bağlı olub. Bu problemin həlli sərhədlərin açılması ilə bağlı şayiələrin yayılmasına səbəb olub.

Bu şayiələrin fonunda Qars və Iğdırda beşqat baha qiymətə torpaq almaq istəyən müxtəlif iş adamları və şirkətlər peyda olub.

“Vətəndaşlarımızı bu ərazilərdə torpaq satarkən ayıq-sayıq olmağa çağırırıq. Hər hansı şübhə yarandıqda dərhal təhlükəsizlik orqanları ilə əlaqə saxlamaq lazımdır”, - deyə o xəbərdarlıq edib.

Göksel Gülbey bu biznesmenlərin erməni diasporu ilə bağlı ola biləcəyini istisna etmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)