TURİZM

Turizm şirkətlərinə nəzarət yenidən başlayır

Azərbaycanda turizm xidmətlərinin səviyyəsinə dövlətin nəzarət edə bilməsi üçün müəyyən mexanizmlər tətbiq ediləcək.

"BI" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.
 

K.Quluzadənin sözlərinə görə, Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir. Lakin onların hamısı elan etdikləri xidmətləri, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilmirlər:

"Bu isə ölkənin ümumi imicinə, turizm sənayesinə xələl gətirir. Hansısa bir turist Azərbaycana gəlib lazımi səviyyədə xidmət almadıqda o, öz ölkəsinə qayıtdıqdan sonra ayrı-ayrı şəxslər haqqında deyil, ümumən ölkə haqqında rəyini bildirir. Bu da bizim nüfuzumuza zərər vurur. Ona görə də belə halların qarşısını almaq üçün hansısa bir mexanizmin tətbiqi məsələsi müzakirə edilir".

Agentlik rəsmisi qeyd edib ki, həmin mexanizmlərdən biri Turizm Reyestrinin yaradılmasıdır:

"Digər mexanizm dövlətin öz əlində olan alətlərdən istifadə etməsidir. Amma bütün hallarda biz ilkin şərt olaraq, bunu deyirik ki, turizm sənayesinin iştirakçılarına təzyiq olmasın, maneə yaradılmasın, onlara dəstək göstərilsin. Biz məqsəd qoymamışıq ki, şirkətlərin sayı azalsın. Əsas məsələ xidmətin səviyyəsinin yüksəldilməsidir. Kim yüksək xidmət göstərə bilirsə, göstərsin, ölkəmizdə bazar açıq, biznes mühiti sağlamdır".

K.Quluzadə əlavə edib ki, turizm şirkətlərinin reyestrə hansı şərtlər çərçivəsində daxil olması məsələsi də hazırda müzakirə edilir:

"Biz bu detalları bu gün açıqlaya bilmirik, çünki bu meyarlar hələ müzakirə edilir. Ümumiyyətlə isə reyestrə, bütün şirkətlər daxil ola bilərlər".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)