ABŞ'da qeyd-şərtsiz baza gəliri sisteminin ən böyük testi üçün hazırlıqlara başlanılıb
6 il bundan öncə Kaliforniya ştatının Stokton şəhəri iflas olmuş şəhərə çevrilmişdi. Onun iqtisadiyyatı indiyənə kimi çox aşağı səviyyədədir. Həmin şəhərdə yaşayan hər bir ailənin illik gəliri isə ümumi Kaliforniya üzrə müqayisədə 4 dəfə azdır. Şəhərin iqtisadi böhrandan çıxması üçün isə ən optimal variant qeyd-şərtsiz baza gəliri sisteminin istifadəyə verilməsidir. Yaxın bir neçə gün ərzində Stokton şəhərində yaşayan 1200 ailə xüsusi məktub əldə edəcək. Həmin məktub vasitəsilə onlardan bəziləri qeyd-şərtsiz baza gəliri sisteminin test mərhələsinə qatıla biləcəklər. 23 dekabr tarixinə kimi onlar online şəkildə xüsusi formanı doldurmalı olacaqlar. Daha sonra müstəqil şəkildə çalışan tədqiqat qrupu bu təcrübədə iştirak edəcək 100 insanı seçəcək. Bu barədə CBS Sacramento saytı xəbər verib.
Kiçik seçim göstəricisinə baxmayaraq, ABŞ üçün bu, olduqca böyük bir layihədir. Seçim mərhələsini keçəcək ailələr yanvar ayının ortasından gec olmayaraq xüsusi sorğu alacaqlar və fevral ayından başlayaraq onlar hər ay 500$ əldə edəcəklər. Bu təcrübə il yarım aparılacaq. Təcrübədə iştirak edəcək şəxslər əldə edəcəkləri 500$-ı heç bir idarəetmə olmadan istədikləri şeylərə xərcləyə biləcəklər. Bütün bu müdət ərzində tədqiqatçılar qeyd-şərtsiz baza gəlirinin əhali arasında stress səviyyəsinin aşağı salınmasına və təcrübədə iştirak edənlərin maliyyə stabilliyini hiss edib-etməyəcəklərinə təsirini araşdıracaqlar.
Əhali arasında aparılmış sorğuya əsasən onlar bu əlavə gəlir mənbəyini ev kirayəsinə, qida məhsullarına, benzinə və çalışmaq imkanına sahib olmayan yaxınlarına xərcləməyi planlaşdırırlar. “Biz bu təcrübənin ilkin mərhələsini o rayonda başladacağıq hansında ki, illik orta gəlir 46.000$-dır. İnsanlar bir neçə işə düzəlirlər, gecə-gündüz çalışırlar. Lakin hesabların ödənilməsi üçün bu bəs etmir. Onlar tənbəl və ya səfeh deyillər. Sadəcə olaraq onların peşələri daha çox qazanmağa imkan vermir. Biz əminik ki, ayda əldə olunacaq əlavə 500$ onların həyatlarını bir qədər rahatladacaq” – deyə Stokton şəhərinin meri bildirib.