SOCAR və “Maire Technimont Group” yeni nəsil emal qurğuları barədə sazişlər imzalayıblar
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Maire Technimont Group” yeni nəsil emal qurğuları barədə sazişlər imzalayıblar.
Bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu Modernizasiya və yenidənqurma Layihəsi çərçivəsində “Maire Tecnimont S.p.A.” qrupunun törəmələri olan “Tecnimont S.p.A.” və “KT-Kinetics Technology S.p.A.” şirkətləri ilə iki Mühəndislik, Təchizat və Tikinti (EPC) sazişi imzalayıb.
İmzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, İtaliya nın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Augusto Massari, “Maire Tecnimont” qrupunun idarə heyətinin sədri və əsas səhmdarı Fabrizio Di Amato, Maire Tecnimont qrupunun baş icraçı direktoru Pierroberto Folgiero və şirkətlərin digər rəhbər şəxsləri iştirak ediblər.
Sazişlər Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan benzinin keyfiyyətinin “Avro-5” standartına yüksəldilməsində həlledici əhəmiyyətə malik Katalitik krekinq qurğusundan alınan benzin fraksiyasının hidrotəmizlənməsi qurğusunun və LPG (Maye qaz) merkaptan oksidləşdirici qurğusunun, Aminlə təmizlənmə və LPG-nin ilkin emalı qurğularının quraşdırılmasını əhatə edir.
Qeyd edək ki, Tecnimont və KT-Kinetics Technology şirkətləri digər qurğulara dair tenderin qalibi seçilərək 2018-ci ildə imzalanmış EPC sazişinə əsasən artıq bu zavodun modernizasiyası layihəsində birgə fəaliyyət göstərirlər.
Ümumi dəyəri təxminən 160 milyon ABŞ dolları olan yeni EPC sazişləri üzrə işlərin müvafiq olaraq 33 və 26 ay ərzində başa çatacağı gözlənilir.
Bu, “Maire Tecnimont” qrupunun əsas fəaliyyət sahəsində mühüm bir mərhələdir, belə ki, sazişlər qrupun Azərbaycan bazarında və emal sektorunda mövqeyinin möhkəmlənməsinə imkan verir. Bundan əlavə, qrupun unikal qabiliyyətlərinin, texnoloji təcrübəsinin və EPC podratçılar arasındakı sinerjisinin gücləndirilməsi istiqamətində fəaliyyətini təsdiqləyir.
SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu Cənubi Qafqaz regionunda yeganə neft emalı kompleksi kimi böyük rol oynayır: “Zavod regionun yanacaq təchizatını həyata keçirir və SOCAR-ın neft-kimya müəssisələrini xammal ilə təmin edir. NEZ-in yenidən qurulması dizel yanacağının və benzinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq Avro-5 standartına uyğunlaşdıracaq, eyni zamanda Azərbaycanın neft-kimya sənayesi üçün davamlı və səmərəli xammal bazası yaradacaq. Yenidənqurma işləri iqtisadi və ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır və şəhərlərimizdə həyat keyfiyyətinin yüksəldilməsi üçün vacibdir. Biz dəfələrlə dost münasibətini gördüyümüz İtaliyanın yaradıcı və istedadlı ruhunu özündə daşıyan tanınmış Maire Tecnimont qrupu ilə bu alicənab məqsəd naminə əməkdaşlıq etməkdən məmnunuq.”
“Maire Tecnimont”un baş icraçı direktoru Pierroberto Folgiero isə bildirib: “Texnoloji təcrübəmizi bir daha SOCAR kimi tarixi və nüfuzlu bir sifarişçinin xidmətinə təqdim etməkdən və bununla da Azərbaycanın daunstrim dəyər zəncirində daha böyük bir dəyərin açılmasına yönəlmiş uzunmüddətli, uğurlu əməkdaşlığımızı möhkəmləndirməkdən həqiqətən şərəf duyuruq. Bu nailiyyət qarşılıqlı faydalı münasibətlərimizi genişləndirməyə imkan verir və texnologiyaya əsaslanan strategiyamızın etibarlılığını təsdiq edəcək gələcək inkişafa yol açır”.
Milan Fond Birjasında qeydə alınmış “Maire Tecnimont S.p.A.” təbii ehtiyatların emalı üzrə qlobal sənayenin (texnoloji və icra təsrübəsinə malik daunstrim neft və qaz mühəndisliyi) lideri olan bir qrupa başçılıq edir. Onun törəməsi olan NextChem enerji keçidinin dəstəklənməsi istiqamətində ekoloji təmiz kimyəvi maddələr və texnologiyalar sahəsində fəaliyyət göstərir. Maire Tecnimont qrupu özündə 45 ölkədə fəaliyyət göstərən 50 şirkəti birləşdirir. Qrupun 9 100 əməkdaşı var.