Sosial iqtisadiyyat

Azərbaycanda "Kölgə iqtisadiyyatı"nın payı minimuma endiriləcək

Azərbaycanda uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır.

ENA.az xəbər verir ki, bu barədə ölkə prezidentinin bu gün təsdiq etdiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in "Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat" prioritetində qeyd edilib.

Sənəddə deyilir ki, belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Bu prioritetin effektiv həyata keçirilməsi üçün aşağıdakı iki məqsəd təmin olunmalıdır:

- davamlı və yüksək iqtisadi artım;

- daxili və xarici təsirlərə dayanıqlıq.

"İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir.

İqtisadi artımın davamlı olması, milli iqtisadiyyatın dərin şaxələnməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmalıdır. Neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyatı inkişafın mərkəzinə çevrilməlidir.

İqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır.

Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir.

İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətləndirilməlidir. Milli bank sektorunun dayanıqlığı təmin olunmalı, ona olan etimad yüksəlməli, real iqtisadiyyatın maliyyələşdiriməsində bankların payı artırılmalı və sahibkarlıq fəaliyyətinin inkişafına təkan verməlidir. Bank kreditlərinin sahibkarlıq fəaliyyəti üçün əlçatanlığını təmin edəcək real işlək mexanizmlər hərəkətə gətirilməli, bank kreditlərinin təminatı məsələlərində bürokratik əngəllər aradan qaldırılmalıdır.

Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir. Lakin bu zaman ölkənin milli maraqlarının qorunması və xarici investorlara rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsi diqqət mərkəzində olmalıdır.

Dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsi yüksəldilməli, bu sahədə şəffaflıq səviyyəsi artırılmalıdır. Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır.

Kölgə iqtisadiyyatı minimuma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır. İqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqi genişləndirilməli və təşviq olunmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikası formalaşmalıdır", - deyə Prioritetdə qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)