Əhalinin borclanmasında istehlak kreditlərinin xüsusi çəkisi 25,9%-ə düşdü
2020-ci ildə Azərbaycanda bir neçə bankda ayrı-ayrılıqda kredit portfeli artsa da, ümumilikdə bank sektorunda kredit portfelinin həcmi azalıb. Azalma biznes və istehlak kreditlərini əhatə edib.
ENA.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, 2020-ci il dekabrın 31-nə bankların kredit portfeli 14 milyard 157 milyon manat olub, bu 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə 5% azalma deməkdir.
2020-ci il ərzində bankların biznes kreditləri üzrə portefli 6,1% azalaraq 8 milyard 478,3 milyon manata düşüb. Ümumi portfeldə 59,9% səviyyəsində olub. Qeyd edək ki, təkcə 2020-ci ilin dekabr ayında bankların biznes kreditləri üzrə portfeli 98,1 milyon manat azalıb.
Hesabat ili ərzində istehlak kreditləşməsi üzrə portfel 10,2% azalaraq 3 milyard 661,2 milyon manata düşüb. Nəticədə ümumi portfeldə istehlak kreditlərinin xüsusi çəkisi 25,9% təşkil edib. Yalnız dekabr ayında bankların istehlak kreditləşməsi üzrə portfeli 69,7 milyon manat azaldıb.
2020-ci il ərzində bankların ipoteka kreditləri üzrə portfeli 12,5% artaraq 2 milyard 17,5 milyon manat təşkil edib və nəticədə ümumi kredit portfelində xüsusi çəkisi 14,3%-dək artıb. 2020-ci ilin dekabr ayında verilmiş ipoteka kreditləri üzrə portfel 20,2 milyon manat artıb.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 4 bank bağlandı və nəticədə ilin sonuna Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malikdir.