Bank

PAŞA Holdinq-in ən böyük bankının vəziyyəti necədir? - TƏHLİL

PAŞA Holdinq-ə daxil olan və daha çox sosial məsuliyyətli bank kimi tanınan “Kapital Bank” ASC 2020-ci ili daha yaxşı göstəricilərlə başa vurub. Xüsusən də 2020-ci ildə 4 bankın bağlanması nəticəsində pullarını alıb “Kapital Bank”a yerləşdirənlər daha çox olub.  

 

Aktivlər nəyin hesabına artıb? 

Bank sektoru üçün ən mühüm göstərici olan aktivlərini Kapital Bank, 2020-ci ildə 26,2% artıraraq 5 milyard 227,472 milyon manata çatdırıb. Bankın aktivlərində ən böyük pay kredit portfelinə məxsusdur - 2 milyard 175,951 milyon manat. Bu isə o deməkdir ki, kredit portfeli aktivlərdə 41,6% paya sahibdir və 2020-ci ildə kredit portfeli 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə 19,5% artıb. Ötən il ölkədə, biznesdə baş verən iqtisadi çətinlikləri nəzərə alsaq, təbii ki, bu əla göstəricidir.  Həmçinin, bankın nağd pul və bloklaşdırılmış vəsaiti 627 milyon 647 min manat artaraq 1 milyard 872,445 milyon manata çatıb. Bank digər maliyyə qurumlarındakı depozitlərini geri çəkərək, qiymətli kağızlara 344 milyon 214 min manat əlavə pul qoyub. Dövrün sonuna bankın əlində 799 milyon 670 min manat həcmində qiymətli kağız var.  

 

Ev üçün verilən kreditlər 77% artıb

Kreditlərin dinamikasına və tərkibinə baxsaq məlum olur ki, 2020-ci ildə “Kapital Bank” istehlak kreditləşməsi üçün 1 milyard 365,845 milyon manat borc verib və artım 2,3%-dir. Biznes kreditləri üzrə portfel isə bir ildə 34,2% artıb və 582,077 milyon manat təşkil edib. Ən böyük artım isə daşınmaz əmlak kreditlərində qeydə alınıb. Bank bu sahə üzrə verdiyi borcların həcmini 76,9% artıraraq 228 milyon 29 min manata yüksəldib. Kredit portfelindəki artım özünün alınmış faizlərin həcminin artmasında da göstərir.

 

Pulunu banka əmanət edənlər artıb 

Hesabat dövrünün sonuna Kapital Bankın öhdəlikləri 4 milyard 593,277 milyon manat təşkil edir. Bu isə bir il əvvəllə müqayisədə 23,5% artım deməkdir. 2021-ci ilin əvvəlinə bankın depozit portfeli 3 milyard 805,619 milyon manat olub, yəni 17,6% artım baş verib. O cümlədən, fiziki şəxslərin əmanətləri 8,3% çoxalıb və 1 milyard 67,406 milyon manata bərabərdir. Hüquqi şəxlərin depozitlərində isə bir ildə 487, 371 milyon manat artım qeydə alınıb ki, bu faizlə 17,7% çoxalma deməkdir. Göründüyü kimi, Kapital Bankın depozit portfelindəki hər iki kateqoriya üzrə artım baş verib.  

 

Səhmləri bahalaşıb  

2020-ci il dekabrın 31-nə bankın kapitalı 634,195 milyon manat (artım 49,2%), nizamnamə kapitalı 245,85 milyon manat (artım 8,9%) təşkil edir. Bankın səhmləri bahalaşıb və nəticədə səhmin qiymətlərinin yüksəlməsindən 800 min manat gəlir də kapitala əlavə olunub. Bankn kapitalında 354 milyon 19 min manat bölüşdürülməmiş mənfəət də var.

 

Büdcəyə ödəməsi 61,4% artıb

Hesabat ilində “Kapital Bank”ın xalis mənfəəti 302,698 milyon manat  olub ki, bu 2019-cu illə müqayisədə 2,2 dəfə çoxdur. 2020-ci ildə “Kapital Bank”ın gəlirləri illik müqayisədə 14,9% artaraq 656,623 milyon manat, xərcləri 16,5% artaraq 318,334 milyon manat olub. Bank əvvəlki illərdə yaratdığı 25,546 milyon manat xüsusi ehtiyatları olduğu kimi saxlayıb. Bank bir il ərzində maliyyələşdirmə fəaliyyəti ilə əlaqədar 80 milyon manat xərcləyib. Bank mənfəət vergisi ödəmələrini isə 61,4% artırıb və dövrün sonuna 61,136 milyon manat təşkil edib.

Xatırladaq ki, “Kapital Bank” Azərbaycanda 140 ildən çoxdur fəaliyyət göstərir və hazırda aparıcı bankların üçlüyünə daxildir. Bankın səhmdarları “PAŞA Holdinq” (99,8755%) və fiziki şəxslərdir (0,1245%).

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department