“Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” kitabı çıxdı
Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, Azərbaycan Texniki Universitetinin baş müəllimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş elmi işçisi Tağıyev Xəyaləddin və Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri, “Bank of Baku“ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmov tərəfindən “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərslik və onun proqramı hazırlanmışdır.
Ali təhsil ocaqlarında tədris ediləcək bu dərslik, nəzəri yanaşmanı və praktik məsələləri əhatə etdiyinə görə bank əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşməsində, həmçinin əhalinin maliyyə savadlığının yüksəlməsində mühüm rol oynayacaqdır.
Dərslik “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində ABA, “Visa İnc.” beynəlxalq kart təşkilatı, “Zolotoya Korona” ödəniş sistemi, Azərbaycan Texniki Universiteti və rəqəmsal ödəniş ekosistemində təmsil olunan qabaqcıl maliyyə institutlarının dəstəyi əsasında nəşr edilmişdir.
Kitabda rəqəmsal ödənişlər, ödəniş ekosistemi və onun komponentləri, ödəniş alətləri və xüsusiyyətləri, rəqəmsal ödənişlər sahəsində qanunvericilik bazası və təkmilləşmə istiqamətləri, elektron bankçılıq xidmətləri və onlardan istifadə, rəqəmsal ödənişlər üzrə innovativ həllər, habelə fırıldaqçılıq əməliyyatları açıqlanmışdır. Dərslikdə, həmçinin müxtəlif iqtisadi ədəbiyyatlarda rəqəmsal ödənişlərə nəzəri baxışlar, “hörümçək toru” prinsipi və onun şərhi verilmişdir.
Kitabı aşağıdakı elektron poçt ünvanından əldə edə bilərsiniz:
https://shop.az/293698-kitab-reqemsal-odenisler-ve-elektron-bankciliq-xidmetleri